ÖMÜR DƏ BİR DASTANDIR HƏR KƏS BACARA BİLDİYİNİ YAZIR
Olimpizm xəbərləri
Bugün, 15:28
Ömür yoldur. Yol gedənindir. Hər bir insan öz ömür yolunu özünəməxsus şəkildə davam etdirir. Kimsə mümkün qədər nə isə əldə etməyə, kimsə böyük uğurlar qazanmağa çalışır. Kimsə də öz ömrünü taleyin, qədərin, qismətin axarına buraxır. Amma o da var ki, bu yolun sonunda heç kim qalib olmur. Məğlub olmamaq şansı da yoxdur. Qalib hökmü verəndir. Dünyaya gəlməyimizlə, dünyadan getməyimiz arasındakı ömür adlı qısa bir zaman bu hökmə tabedir. Qısa bir zaman dedim. Çünki dünyanın yaranma tarixi prizmasından baxsaq insan ömrü andır. Sadəcə olaraq, bir an, bəlkə də daha az... Bəlkə də qəfil çaxan bir şimşək ömrü qədər...
Ancaq bu qısa ömür ifadəsini elə lap uzun zaman kimi də başa düşmək olar. Axı bu qısa zamanın içində bir ömürlük yaşantılar, insanın özünüdərki, hər bir insanın bir ömürlük dastanı var. Və bu ömür dastanını yazmaq üçün hamıya şans verilir. Fərq odur ki, sadəcə olaraq, hər kəs öz bacardığını yazır. Yaza bildiyini bacarır... Vəssalam.
Ömür dastanı bir dəfə, ancaq bir dəfə yazılır. Bu dastanı dəfələrlə oxumaq olar, amma yenidən yazmaq olmaz. Bu şans bizə verilməyib... Bəzən son anda heç bu dastanı özümüzün oxumaq imkanımız, zamanımız da olmur. Sadəcə olaraq, yaxşı-yaman əməllərimiz, düşüncələrimiz, yaşantılarımızla yazır və qoyub gedirik...
İnsanın varlığı əslində elə qoyub getdiyi bu ömür dastanından sonra başlayır. Kim olduğunun izini yazdığın bu ömür dastanında qoyub gedirsən... O da var ki, bu ömür dastanına son nöqtəni sən özün qoymursan. Səbəb? Ya sənin imkanın, ya da zamanın çatmır... Son səhifə mütləq açıq və sanki bitməmiş qalır. Çünki insan həm yaşamaqdan doymur, həm də gələcək nəsillərə bu dastanı irsi çalarlarla yazıb davam etdirmək, nəsildən-nəsilə ötürmək şansı verirsən.
Qənbər Ağayev adlı bir Allah bəndəsi də öz ömür dastanını ilk gündən şərəflə yazmağa başlayıb və Yaradanın izn verdiyi zaman boyunca şükür ki, hələ də yazmaqda davam edir. Verilən an şansını iradəsi, zəhmətkeşliyi, dürüstlüyü, dəyanəti, etibarı, insani dəyərləri və istedadı ilə zamanın sərhədlərindən aşırmağı bacarıbmı? Bəli. O, bunu ləyaqətlə, şərəflə bacarıb.
Bu il 85 yaşı tamam olan istedadlı şair, Əməkdar jurnalist, publisist, ictimai xadim və söz adamı missiyasını şərəflə yerinə yetirən Qənbər Ağayevin şərəfli və ləyaqətli ömür yolunu-özünəməxsus səmimi, ədalətli çalarlarla yazdığı və indi də çox böyük həvəslə yazmaqda davam etdiyi ömür dastanını elə ilk səhifəsindən boy-boy, sətir-sətir vərəqləmək istərdik. İnsan özünün dünyasını zaman-zaman inkişaf etdirməklə yaratmağa və bacardığı qədər iz qoymağa çalışır. Etiraf edək ki, sözün bütün mənalarında Qənbər Ağayevin-ağsaqqal bir ziyalının zəngin ömür yolunun enişli-yoxuşlu izi ilə getmək o qədər də asan deyil. Hərdən ayaq saxlamaq, nəfəsini dərmək lazım gəlir.
“Şöhrət dalınca qaçmayın, vaxtı gələndə şöhrət özü sizi tapacaq”
Mənalı və ibrətamiz bir ömür yaşayan Qənbər Ağayevin özünəməxsus şəkildə yaratdığı özəl dünyasına nəzər yetirmək, bu ömür yolunu səhifə-səhifə vərəqləmək həvəsi, istəyi ilə yola çıxdıq. Ağayev Qənbər Müseyib oğlu 20 oktyabr 1941-ci ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub.1959-cu ildə Qaradonlu kənd orta məktəbini bitirib. Bakı Politexnik Texnikumunun su təchizatı şöbəsinə daxil olub və 1963-cü ildə texnikum təhsilini başa vurub.
Bir müddət Bakı şəhəri 13 və 52 saylı orta məktəblərdə müəllim işləyib. Ədəbiyyat və ədəbi yaradıcılığa olan həvəs onu jurnalistikaya gətirib. 1964-cü ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsinə daxil olaraq, 1970-ci ildə ali təhsilini başa vurub.
Qənbər müəllim jurnalistika sahəsində fəaliyyətə 1968-ci ildə başlayıb. Universitetin 4-cü kursunda oxuyarkən yazdığı “Partiya – sovet mətbuatında ideoloji məsələ” adlı kurs işi müəllimi, Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri “Bakı” axşam qəzetinin redaktoru Nəsir İmanquluyevin xoşuna gəlib. Nəsir müəllim kurs işini əla qiymətləndirib və Qənbəri qəzetdə əməkdaşlığa dəvət edib. Onun qəzetdə müxtəlif mövzularda yazdığı məqalələr oxucular tərəfindən maraqla qarşılanıb.
Qənbər müəllimin diplom işi də yüksək qiymətləndirilib. Böyük alim Şirməmməd Hüseynov onun Qənbər tərəfindən yazılmasına şübhə ilə yanaşıb. Qənbəri evinə dəvət edib. Üç saatlıq söhbətdən sonra onu diplom işinə görə təbrik edib. Müdafiədəki çıxışında Şirməmməd müəllim deyib:
- Təklif edirəm diplom işi əla qiymətləndirilsin və Universitetin “elmi səhifələri”ndə dərslik vəsaiti kimi çap edilsin.
Dahilərdən biri deyib ki, çap olunmağa tələsməyin, əvvəlcə istedadlı olmağa çalışın, şöhrət dalınca qaçmayın, vaxtı gələndə şöhrət özü sizi tapacaq. Bu ibrətamiz fikirləri bütün çalarları ilə Qənbər Ağayevin ömür yolunun, çoxşaxəli yaradıcılığının əsas aparıcı qüvvəsi, məqsədi, məramı adlandırmaq olar. Harada və hansı sahədə işləməyindən asılı olmayaraq, Qənbər Ağayev öz işinə böyük məsuliyyətlə, peşəkarlıqla yanaşıb. Cəmiyyətdə nüfuz qazanmaq, çalışdığın sahədə peşəkar olmaq üçün ömrün zirvəsinə səbrlə, addım-addım çıxmaq lazım gəlir. Məhz bu xüsusiyyət Qənbər müəllimin həyatda qazandığı çoxsaylı uğurların əsasını təşkil edib.
O, 1971-ci ildə AzTV-də işə qəbul olunub və radionun “Uşaq verilişləri” redaksiyasında kiçik redaktor kimi fəaliyyətə başlayıb. İmişli rayonunun Otuzikilər kənd orta məktəbindən hazırladığı “Otuzikilər məktəbində” sujeti həftəlik verlişlərin təhlilində xüsusi qeyd olunub. Bir il sonra struktur dəyişikliyi nəticəsində “Təbliğat” baş redaksiyası yaradılıb və Qənbər müəllim həmin redaksiyada redaktor vəzifəsinə təyin olunub. “Bayraqlar” rubrikasında hazırladığı ilk verilişə görə komitə sədri Qurban Yusifzadə onu şəxsən təbrik edib. Daha sonra redaktoru olduğu “İnsan və qanun” radio jurnalı az vaxtda bütün respublikaya səs salıb. Görkəmli hüquqşunas, Respublika prokurorluğunda idarə rəisi işləyən İdris Əsgərov verilişə aparacı kimi dəvət edilib. “İnsan və qanun” radio jurnalının köməyilə hüquqları pozulan onlarla vətəndaşın hüquqları bərpa olunub.
Düzgün yolun uğurları
Bu yazının müəlliflərindən birinin də Qənbər müəllimlə tanışlığı Cəlilabad rayonunun prokuroru olarkən, “İnsan və qanun” radio jurnalına verdiyi müsahibə zamanı yaranıb. O zaman cəmi 12 dğəqiqəlik müsahibə sonradan bir çox xüsusiyyətlərin üst-üstə düşməsi səbəbindən 40 illik dostluğa çevrilib.
Qənbər müəllim həmişə yeni təşəbbüslər irəli sürərək, maraqlı ideyaların həyata keçirilməsi üçün öz yaradıcılıq potensialını səfərbər edib. Belə bir maraqlı təşəbbüsün nəticəsi olaraq, Azərbaycan radiosunda “Radio hüquq məsləhətxanası” verilişi fəaliyyətə başlayıb. Bundan sonra “İnsan və qanun” və “Radio hüquq məsləhətxanası” verilişləri respublikada hüquqi təbliğatın tərkib hissəsinə çevrilib. Onun təşəbbüsü ilə yaradılan “Radio hüquq məsləhətxanası” keçmiş SSRİ teleradio sistemində ilk belə veriliş idi.
Qənbər Ağayev həmişə öyrənməyə, yaradıcılıq potensialını cilalamağa, jurnalistika sahəsində peşəkar fəaliyyətini uğurla davam etdirmək üçün zaman-zaman bu sahə ilə bağlı təhsil sitemlərindən də yararlanmağa çalışıb.
Bu xüsusiyyəti nəzərə alınaraq o, 1972-ci ildə Ümumittifaq (SSRİ) Televiziya və Radio İxtisasartırma İnstitutuna göndərilib. Qənbər müəllim bu institutda 4 aylıq kursu uğurla başa vurduqdan sonra daha iki yeni veriliş-“Açıq mikrafon” və“Teleradionun ictimai qəbul otağında görüş” verilişlərini açır. Bu sahədəki səmərəli fəaliyyəti diqqətdən kənarda qalmır. O, 1974-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1975-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilir. Hüquqi jurnalistikada təsirli verilişlər hazırladığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, 1976-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsinin, 1980-cı ildə keçmiş SSRİ Nazirlər Soveti Televiziya və Radio Verilişləri Komitəsinin Fəxri Fərmanları ilə təltif edilir. İctimai-siyasi-publistik yazılarına və peşəkar səmərəli fəaliyyətinə görə media və yayım sahəsində fərqlənən şəxslərə verilən “SSRİ Televiziya və Radio Əlaçısı” və Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatı laureatı adına layiq görülür.
1985-ci ildə Azteleradio Komitəsinin sədri Elşad Quliyevin təqdimatı və Azərbaycan Kommunist Partiyası MK-nin razılığı ilə Q.Ağayev Azərbaycan Radiosunun “Təbliğat baş redaksiyasına” baş redaktor təyin edilir. Onun bu məsul vəzifədə ilk işi redaksiyada struktur islahatlar aparmaq olur. Belə ki, “Təbliğat” redaksiyası ləğv olunur, əvəzinə “İctimai-siyasi verilişlər proqramı” baş redaksiyası yaradılır. Q.Ağayev bunu onunla əsaslandırır ki, artıq “təbliğat” institutu– zamanın tələblərinə cavab vermir. MK-nın ideoloji sahə üzrə katibi Əfran Daşdəmirovun da iştirakı etdiyi Azteleradionun Kollegiya iclasında bu struktur dəyişikliyinin vacibliyini məntiqi fikirlərlə sübut edir. Qənbər müəllim haqlı olaraq göstərir ki, “təbliğat məfhumu zamanın ictimai-siyasi, sosial-mənəvi tələblərinə cavab vermir, bu institut artıq köhnəlib”.
Məhz bundan sonra “Təbliğat” şöbələri ləğv olunur, “İctimai-siyasi” şöbələr yaradılır. “Respublika” adlı veriliş açılır. Həftədə bir dəfə yayımlanan bu proqramda ən mühüm hadisələr təhlil edilir. “Dünya akademik proqram” fəaliyyətə başlayır. Dünyada baş verən hərbi-siyasi, sosial vəziyyət Azərbaycanın taleyi müstəvisində analitik təhlil olunur.
SSRİ-nin süqutu ərəfəsində Azərbaycan və Qarabağda baş verən proseslərdə Qənbər Ağayev milli mövqeyi ilə önə çıxır və “Dövlət quruculuğu, mülahizələr, problemlər” verilişi fəaliyyətə başlayır
Bu arada Azərbaycan radiosunun “İctimai verilişlər” baş redaksiyası “ictimai-siyasi” proqamlar baş redaksiyası ilə birləşdirilir. “İctimai-siyasi-sosial proqramlar” birliyi yaradılır və Qənbər müəllim birliyə rəhbər təyin edilir. Birliyin xətti ilə 25 adda ictimai-siyasi, sosial mövzularda veriliş yayımlanır. Elmi və tarixi mövzulara böyük diqqət yetirilir. İlk dəfə olaraq “Tariximizin izi ilə” proqramı həftədə bir dəfə efirə çıxır. Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin əsrlər boyu inkişafı ön plana çəkilir. Qarabağ ətrafında baş verən proseslər fonunda “Qarabağ harayı” verilişi efirə çıxır. Qənbər Ağayev hər bir verilişin “süngüyə” çevrilməsi uğrunda birlik rəhbəri kimi milli mövqeyini orta qoyur.
1998-ci ilin aprel ayında Azərbaycan Prezindenti Heydər Əliyevin xeyir-duası və göndərişi, Səudiyyə Ərəbistanı kralının dəvəti ilə Qənbər müəllim bir qrup ziyalı ilə həcc ziyarətində olur. Həmin ilin may ayının 26-da xarici radiolardan dövlətçiliyimizə və müstəqilliyimizə qarşı yönələn zərərli informasiyanın qarşısını almaq və xarici ölkələrə yayımlanmaq üçün “Azad Azərbaycan” siyasi radiosunun yaradılması barədə qərar qəbul olunur və bu Qənbər Ağayevə tapşırılır. Qənbər müəllim radionun gələcək proqramını və məramnaməsini hazırlayır. İki gündən sonra müstəqillik günundə - mayın 28-dən iki saat olmaqla hər gün efirdə yayımlanır. “Azadlıq” və “Amerikanın səsi” radiolarının böhtanlarına respublikamızda aparılan dövlətçilik, iqtisadi və mənəvi inkişafı müstəvisində faktlarla tutarlı cavab verilir. Yeni yaranan və xarıcı yayımlanan bu radionun ilk verlişlərini Ulu Öndər özü izləyir və deyir:
- Düzgün yoldadırlar uğurlar arzulayıram.
Qənbər Ağayev yaradıcı insan olaraq daim yeni təşəbbüslər, ideyalar irəli sürüb və bu yeniliklərin həyata keçirilməsində , necə deyərlər, yaxasını kənara çəkməyib, həmişə ön cərgədə dayanıb, irəli sürdüyü ideyaların həyata keçməsinin fəal icraçısı olub. Belə ki, 1999-cu ildə Azərbaycan Radiosunun tarixində ilk dəfə “Təhsil və elmi-kütləvi proqramlar” baş redaksiyası yaradılıb. O, bu redaksiyaya baş redaktor təyin edilib. 1999-cu il aprelin 11-də “Görüş” adlı ilk verilişi yayımlanıb. Aprelin 13-də isə təhsil və elmin qarşısında duran problemlərdən bəhs edən “Zaman və biz” verilişi efirə təqdim olunub. Ümumiyyətlə, redaksiyanın xətti ilə həftədə 15 veriliş efirə çıxıb. Redaksiyada təhsil, elm, səhiyyə, ekologiya, əxlaq, məniviyyat məsələləri ilə bağlı 20 adda proqram hazırlanıb. Həmişə olduğu kumi, yenə də məsuliyyət əsas aparıcı qüvvə, təşəbbüskar yaradıcı insan olan Qənbər Ağayevin çiyinlərinə düşüb.
1993-cü ildən Qənbər müəllimin təşəbbüsü və müəllifliyi ilə fəaliyyətə başlayan “Tariximiz, torpağımız, taleyimiz” verilişində fəal iştirak edən tarixçi alim İsrafil Məmmədov “Asala”, “Daşnak” terror təşkilatların iç üzünü məharətlə açıb. Bu verilişlərin əsasında Qənbər Ağayevin redaktorluğu ilə 700 səhifəlik 1000 tirajla sanballı əsər meydana gəlib. Xatırladaq ki, bu əsər Azərbaycan Teleradio tarixində verilişdən hazırlanan ilk və yeganə kitabdır.
Jurnalistikaya ömrünü həsr edib
Qənbər Ağayevin jurnalistika sahəsindəki yaradıcı fəaliyyəti yalnız radio ilə məhdudlaşmayıb. O, jurnalistikaya, bu sahədəki yaradıcılığına xüsusi bir məsuliyyətlə, daxili bir yanğı ilə yanaşıb. Jurnalistika Qənbər müəllim üçün yalnız öz fikirlərini, düşüncələrini ifadə etmək, necə deyərlər, təsadüfən seçdiyi sıradan bir ixtisas olmayıb. O, jurnalistikaya ömrünü həsr edib, bu sahəyə ötəri münasibət bəsləməyib, jurnalistikaya sanki müqəddəs bir məbəd kimi baxıb və bu məbədin qapılarından içəri məntiqi fikirlərini, düşüncələrini ifadə etmək üçün səmimi, dürüst, ədalətli hisslərlə keçib. Öz əqidəsinə sadiq qalaraq yazdığı dərin məzmunlu onlarla ictimai-siyasi məqalələri dövrü mətbuatda dərc olunub. Onun “Hər bir xalqın istiqlalı onun hüququdur” ( “Səs” qəzeti, 26.10.1993), “Haradan gəlirik, haradayıq, hara gedirik” (“Səs” qəzeti ,27.03.1993), “Haradan gəldiyimiz bəlli, hara getdiyimizi bilməliyik” ( “Naxçıvan” qəzeti, 14.06.1995), “Siyasət” (“İki sahil” qəzeti, 19.11.1996 ) kimi məqalələri siyasi puplisistikanın Azərbaycan müstəvisində ən bariz analitik nümunələrindəndir. Qənbər Ağayevin “Haradan gəlirik, haradayıq, hara gedirik” siyasi-puplisistik məqaləsini oxyundan sonra xalq şairi Bəxtiyar Vahabzadə onu evinə dəvət etmiş, 8 saat söhbət aparmış, Qənbərin siyasi təhlilinə heyran olduğunu bildirmiş, məqaləni milli yanaşmanın parlaq nümunəsi adlandırmışdır.
Qənbər müəllim jurnalistikanın bütün janrlarından kompozisiya, oçerk, publistika, reportaj, müsahibə, şərh, məktub kimi formalardan məharətlə istifadə etmişdir. Qənbər müəllimin 2013-cü il may ayında “Kredo” qəzetindəki “Ədəbi tənqid tariximiz çağdaş elmi düşüncədə” məqaləsi (professor Təyyar Salamoğlunun yaradıcılığı haqqında jurnalist yanaşması) sanbalı və təhlili ilə seçilir. Təsadüfi deyil ki, bu silsilə yazılarına görə 2013-cü il iyul ayında “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb. Onun “Qələm, videokamera və mikrafon dövlətçiliyimizə xidmət etməlidir” (Palitra qəzeti 28.09.2008). məqaləsi də kamil bir jurnalistin qələmindən çıxan maraqlı məqalələrdən biridir.
Qənbər Ağayev çalışdığı bütün sahələrdə, xüsusilə ömrünün 50 ildən çox hssəaini həsr etdiyi jurnalistika sahəsində Vətənə, dövlətçiliyə sədaqətlə xidmət etmək prinsipini özünün əsas amalı hesab edib. Təsadüfi deyil ki, 2023-cü ildə “İctimaifikir.az” xəbər portalının Türkiyə Azərbaycan birgə layihəsinin xüsusi buraxılış nəşri olan “Zirvədəki Azərbaycanlılar” kitabının “Heydər Əliyevin 100 illiyinə” həsr edilmiş sayında Ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən “Fütuhat” adlı məqaləsi müsabiqədə birinci yeri tutub və o, “Bir millət iki dövlət” media mükafatı laureatı adına layiq görülüb.
Qənbər müəllim Vətənə, xalqa xidmət etməyi öz mənalı ömrünün əsas amalı hesab edib. Təsadüfi deyil ki, Qənbər müəllim özü də bu barədə deyir: “Əsl jurnalist fədaidir. Belə jurnalistlik ömrü həftələrlə, aylarla, illərlə yox, günlə ölçülür. Jurnalist hansı informasiya orqanında çalışmasından asılı olmayaraq, mətbu fikrin önündə getməlidir. Mətbuat, teleradio yaradıcılıq və yeni fikir meydanıdır. Xalq, Vətən, dövlətçilik mövzuları jurnalistin qələmindən qırmızı xətlərlə keçməlidir” O özü də bu amala, bu əqidəyə ömrü boyu sadiq qalıb. Jurnalistika ilə məşğul olmaq bu şərəfli missiyanı həyata keçirmək bu istedadlı qələm sahibi üçün bir vasitə olub. Həmişə ədalətli dəyərləri önə çəkib, səmimi, dürüst və peşəkar olaraq, əsl jurnalist adını doğruldub.
Azərbaycan radiosunda çalışdığı, bütün yaradıcılıq potensialını həvəslə həsr etdiyi illər Qənbər müəllimin zəngin, mənalı ömür salnaməsinin ən şərəfli səhifələrindən biridir. Qənbər Ağayev teleradio jurnalistikasını məktəb səviyyəsinə qaldıran azsaylı jurnalistlərdən olub. Azərbaycan radiosunda çalışdığı 38 il müddətində həm müəllifi olduğu verilişlər, həm də rəhbərlik etdiyi redaksiyaların hazırladığı proqramlar teleradio jurnalistikasının gözəl nümunələri kimi dinləyicilər tərəfindən maraqla qarşılanıb, minnətdarlıqla qəbul edilib. Qənbər müəllim bir qərinədən də artıq mikrafonla ünsiyyətdə olub. Bu barədə sabiq mətbuat naziri Rəşid Mahmudovun fikri də maraqlıdır: “Qənbər Ağayev şahanə səsi ilə mikrafonu sanki sehirləyir və radiojurnalistikanın fövqündə dururdu.” Professor, əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü Abuzər Xələfov da onun radio sahəsindəki səmərəli fəaliyyətinə yüksək qiymət verib: “1970-2009-cu illər. Azərbaycan radiosunun bu illər dinləyici nəslinin mənəvi, siyasi, ictimai-sosial cəhətdən formalaşmasında Əməkdar jurnalist Qənbər Ağayevin müstəsna rolu var”.
Qənbər Ağayev Azteleradionun icitmai-siyasi, sosial, mənəvi həyatında da fəal iştirak edib. O, 15 il Azradionun ilk partiya təşkilatı katibi, 25 il Televiziya və Radio Verilişləri Komitəsinin yoldaşlıq məhkəməsinin sədri, 35 il həmkarlar komitəsi sədrinin müavini kimi ictimai vəzifələrdə çalışıb. O, 38 il ərzində bu qrumda təşkil olunan bütün komissiyalara rəhbərlik edib və ilk dəfə 1996-cı ildə yaradılan və 10 il fəaliyyət göstərən “Əmək, mənəviyyat və sosial intizam” daimi komissiyasına rəhbərlik də ona həvalə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 4 noyabr tarixli Sərəncamı ilə Qənbər Ağayev “Əməkdar jurnalist” fəxri adına və 5 noyabr 2026-cı il tarixli Sərəncamı ilə “ Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Xatırladaq ki, Qənbər müəllim İmişli rayonu tarixində həm ilk peşəkar, həm də ilk Əməkdar jurnalistdir.
“Qələm təqaüdə çıxmır”
Qənbər Ağayev jurnalist, icmalçı, publisist, şair və ictimai xadim kimi böyük səylə, əzmkarlıqla, zəhmətlə, sonsuz həvəslə müxtəlif sahələrlə çalışıb. Ədalət naminə deyək ki, o, çalışdığı bütün bu sahələrdə öz vəzifəsinin öhdəsindən şərəflə, ləyaqətlə gəlib. Qənbər müəllim cəmiyyətdə öz ziyalı mövqeyini, dəyərini həmişə qoruyaraq ziyalı adının məsuliyyətini önə çəkib. O jurnalist kimi də, publisist, şair kimi də bir an da olsun belə bu fədakar fəaliyyətindən, əqidəsindən, hadisələrə ədalətli münasibətindən geri çəkilməyib. Qənbər Ağayev ilk fəaliyyətə müəllimliklə başlayıb və bütün ömrü boyu müəllimliklə bağlı dəyərlər onu müşaiyət edib. Bu mənada o, həm də böyük pedaqoqdur. Bu haqq ona yalnız bəzi tədris müəssisələrində müəllim işlədiyinə görə verilməyib. O, həm özü bir ziyalı kimi çalışdığı bütün sahələrdə ruhən müəllim olub, həm keçdiyi və həm də böyük zəhmətlə, ləyaqətlə özünün seçdiyi həyat yolunu ibrətamiz bir məktəbə çevirə bilib. Pedaqoji fəaliyyət onun üçün hansısa bir fənni, ixtisası tədris etməklə yanaşı, həm də müəllim adının müqəddəsliyini qorumaq, bu keyfiyyətləri öyrəncilərinə təlqin etmək məqsədini də daşıyıb. Çünki yüsək səviyyəli tədrislə yanaşı, tədris edənin şəxsiyyəti, əqidəsi mənəvi keyfiyyətləri, əxlaqı da böyük əhəmiyyət daşıyır. Ağsaqqqal bir pedaqoq kimi onu Bakı Qızlar Universitetinə pedaqoji fəaliyyətə dəvət edən də bu etimadı doğruldub. 2009-2015-ci illər Bakı Qızlar Universitetində “Jurnalistika tarixi”, “İnformasiyanın elmi əsasları”, “Jurnalist sənətkarlığı” və “Jurnalist etikası” fənlərini uğurla tədris edib. Jurnalist, şair, ictimai xadim - pedaqoq xüsusiyətlərini də ömür kitabının uğurlu səhifələrindən biri kimi şərəflə yazıb.
Yaradıcı və istedadlı insanlar həmişə axtarışda olur. Belə insanların hansı yaşda olmasına baxmayaraq, yenilik axtarışı onların həyatının mənasına çevrilir. Həyata, sənətə, peşəyə yaradıcı münasibətləri, böyük fitri istedadı, özünəməxsus bacarığı və tükənməz mənəvi gücləri sayəsində bir insan kimi öz obrazlarını formalaşdırırlar. Hamı öz obrazını özünəməxsus şəkildə yaradır. Mütləq yaradır. Bacardığı kimi, bacara bildiyi kimi. Qənbər müəllimin öz təbirincə desək, “qələm təqaüdə çıxmır”. O, yaşının ixtiyar çağında da arayıb-axtarır,yazıb-yaradır. Qənbər Ağayevin 30 il ərzində böyük zəhmətlə, səbrlə zərrə-zərrə topladığı müdrik, hikmətli sözlərdən, aforizmlərdən ibarət olan və indiyə qədər bu mövzuda hazırlanmış nəşrlərdən özünəməxsusluğu ilə seçilən “Yaradanın hikməti, bəşərin fəlsəfəsi” (Nazilə İsmayılova ilə birlikdə) kitabını, “Əbədiyyət karvanı” şeirlər və “Yazıçının hikmət dünyası” (yazıçı Ağarəhim Rəhimovun yaradıcılığı müstəvisində) kitablarını oxucular maraqla qarşılayıb. Qənbər müəllimin daha 3 (üç) kitabı; milli elmimizdə məktəb yaratmış, bir qrup akademikin elmi fəaliyyətindən bəhs edən “Elm korifeylərimiz”, şerlər, hekayələr, oçerklərdən ibarət “Aqil, de görüm hardasan?” və “Ömrüm necə gəldi, necə keçdi” avtobioqrafiq kitabları çapa hazırlanır.
Bizdən sonra söz qalacaq
Qənbər Ağayevin müxtəlif sahələrdəki çoxşaxəli məhsuldar yaradıcılığından danışıb, onun istedadlı bir şair kimi şeirləri haqqında da söz açmamaq mümkün deyil. O, şair olaraq, istedadının işığında yola çıxıb, arzu və istəklərini, həyat, dünya, cəmiyyət və s. haqqındakı düşüncələrini ustalıqla, səmimiyyətlə ipə-sapa düzür. Onun qələmə aldığı hər şerində məna yükü incə çalarlarla cilalanmış misralarına hopub. Sözə, söz demək haqqına böyük məsuliyyətlə yanaşır, necə deyərlər, əlahəzrət sözü layiq olduğu səviyyəyə qaldıra bilir:
Burda məğlub olub nə qədər tufan,
Köksündə sellərin izi qalıbdır.
Şimşəklər qırılıb zirvələrində,
Hər əsrin zirvədə sözü qalıbdır.
“Dağ vüqarı”
Şair çox haqlı olaraq vurğulayır ki, bizdən sonra söz qalacaq. Bəs hansı söz? Təbii ki, şairin də dediyi kimi, illər boyu zirvəyə ucaldılan və zirvədə qalmağa layiq olan söz.
Bənzətmə Vətəni günəşə, aya,
Onun doğmalığı bu ocaqdadır.
Laylalı, arzulu, xeyir-dualı
Ana hardadırsa, Vətən ordadır.
“Ana hardadırsa”
Doğru deyiblər ki, cənnət anaların ayaqları altındadır. Anaların ayaqları altında olan torpaq isə insan üçün cənnət timsallı Vətən torpağıdır. Bu torpaq yolunda canımızdan, qanımızdan keçir, tez ya gec bizi dünyaya gətirən o ülvi varlıqdan ayrılıb torpağın qoynuna köçür, “bir ovuc torpağı artsın” deyə ana Vətən dediyimiz torpağa qarışırıq. Şair haqlı olaraq bildirir ki, Vətənin doğmalığı sönməyə qoymadığın yurddakı ocaqdadır, bu ocağın təməl daşlarından biri də anadır. Qənbər Ağayevin bu bir bənd şeirdə Ana ilə Vətənin vəhdətini çox böyük ustalıqla verdiyi göz önündədir.
Dünyada nə qədər sevgi var gülüm,
O qədər dastan var, o qədər əsər.
Dünyada nə qədər sevən var gülüm,
O qədər nəğmə var, o qədər kədər.
“Nəğmə-kədər”
Hər insan bir sevginin timsalıdır. Hər kəs öz ömür dastanını-özünün şah əsərini bu sevgiylə yoğurub yazır. Yazmayan varmı? Yazmaya bilməzsən. Yazmağa məhkumsan. Çünki sevinc də, kədər də nisbidir. Əslində hər sevgidə bir kədər var, hər kədərdə bir sevgi var... Dünyanın gəlimli-gedimli olmasının sirlərindən xəbərdar olan, ömrün 85-ci baharını yola salan ağaqqal şair Qənbər Ağayev bu aydın həqiqəti sanki möhür vururmuş kimi səmimiyyətliə misralarda elə cilalayır ki, şairin bu məntiqi ilə barışmaya bilmirsən.
Ömrümüzdə izlər qalır-
Ay ünvanlı, il ünvanlı.
Dünyamızda zəhmət qalır-
Söz ünvanlı, el ünvanlı.
Hər birimiz milyon illik,
İnsan ömrü yaşayırıq.
Nəslimizizn bu gününü,
Gələcəyə daşıyırıq.
“Ömrümüzdə izlər qalır”
Qənbər Ağayev hər şeydən əvvəl bütün varlığıyla ədalətli, sanballı, müdrik sözün keşiyində duran, sözün dəyərini, siqlətini, nüfuzunu artıran, sözün bütün mənalarında ədalətli söz adamıdır. Çünki sözlə bağlı digər dəyərlərin mayası ədalətlə yoğrulanda qüdrətli olur. Onun ibrətamiz, layiqli ömrünün də, məsuliyyətlə dediyi hər sözün ünvanı da bəllidir. Şair şeirində deyir ki, insan milyon illik ömür yaşayır. Döğrudur. Bəlkə də daha çox. Ancaq gələcək nəsillərə əmanət kimi qoyub getdiyi sözlərdə əsrlər boyu yaşayır insan. Çünki ömür müəyyən zaman çərçivəsindəki tək fiziki göstəricilərdən ibarət deyil. Mənəvi ömür müstəvisində min il, milyon il də yaşamaq olar...
Ömür mücadiləsinin qəhrəmanı
İbrətamiz çalarlarla dolu enişli-yoxuşlu mənalı ömrünü bu günün sınaqlarından keçirib özünün şah əsəri kimi gələcək nəsillərə ərmağan kimi ötürən, cəfakeş ziyalı olan Qənbər Ağayev həqiqətən də çox xoşbəxt adamdır. Ona görə ki, zəngin ömür yolundan yazmaq istədikləri, yaza biləcəyi mənalı faktlarla dolu səhifələr hələ də qalmaqdadır.Yaradıcı adam üçün bundan böyük səadət yoxdur.
Ömür əbədiyyət karvanına doğru yönələn yoldur. Ömür bitər, yol bitməz deyiblər. Dünyaya gələn hər kəs bu yolun yolçusu olur. Ancaq o da var ki, bu yolu hamı fərqli biçimdə, özünəməxsus tərzdə keçir. Özündən sonra iz qoyan, unudulmayan, xatirələrdə yaşayanlar da, izsiz gəlib izsiz gedən, gəlişi ilə gedişi bilinməyən, diriykən unudulanlar da olur. Qənbər Ağayev həmişə özünəməxsus, şəriksiz iz qoyan, keçilmiş yollara meyl salmayan, heç kimin ləpirinə ayaq basmayan, öz yolunu özü seçən insanlardan biridir. Əlbəttə, belə bir yol çətin və çox məsuliyyətli seçimdir. Qənbər müəllim 85 illik ömür yoluna və bu seçiminə özünün qisməti, taleyi kimi baxaraq, müdrik, ağsaqqal vədəsində də bu əqidəsinə, məsləkinə sadiq qalır. Zəngin dünyagörüşü, geniş mütaliəsi olan Qənbər müəllim bu gün də böyük yaradıcılıq həvəsi ilə çalışır. Yazıb yaradır. İnanırıq ki, hələ bundan sonra da uzun illər bu istedadlı qələm sahibinin müxtəlif mövzularda yazdığı kitablarını, publisistik məqalələrini oxuyacaq, dəyərli tövsiyələrini, xatirələrini dinləyəcək və sinəsi xəzinə dolu bu ağsaqqal, ziyalı dostumuzla ünsiyyətdən böyük zövq alacağıq.
Sevinci, kədəri, uğuru və uğursuzluqları ilə ömür də bir dastandır. Ancaq bu əfsanəvi, sehrli bir dastan deyil və daha çox real faktları, hadisələri və insan yaşantılarını özündə əks etdirir. Ömür dastanın qəhrəmanı təpədən-dırnağa sənin özünsən, necə deyərlər, içindəki ruhunun təcəssümüdür. Tanınmış Əməkdar jurnalist, şair, publisist, ictimai xadim Qənbər Ağayev də ibrətamiz və dəyərli öz ömür dastanının-ruhunun təcəssümünün şəriksiz və müdrik müəllifidir. Daha doğrusu o, 85 illik ömür mücadiləsinin qəhrəmanıdır.
Yolçu yolda gərək. Sizin haqqınızdakı bu yazıda zəngin ömür yolunuzun ancaq müqəddiməsindən yaza bildik, Qənbər müəllim.
Sizə hər gün günəşi qarşılamaq arzusu ilə
Əlamdar Məmmədov,
Baş ədliyyə müşaviri.
Murad Qoçuoğlu,
Əməkdar jurnalist.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ÖMÜR DƏ BİR DASTANDIR HƏR KƏS BACARA BİLDİYİNİ YAZIR
Bugün, 15:28 Olimpizm xəbərləri
-
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
Bugün, 11:24 Cüdo
-
Çempionlar Lİqası: "Sabah" Bakıda "Barselona"nı qəbul edəcək
Bugün, 10:02 Futbol
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol