Fariz Məmmədov: "Olimpiya Oyunlarında 18 medal qazanmaq heç də asan deyil" - MÜSAHİBƏ

Fariz Məmmədov: "Olimpiya Oyunlarında 18 medal qazanmaq heç də asan deyil" - MÜSAHİBƏ

Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları komandamız üçün uğurla başa çatdı. Olimpnews.az saytının məlumatına görə, planetin ən nüfuzlu yarışında komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla 18 medal qazandı. Ölkəmiz bu nəticə ilə 207 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Rio-da qazanılan tarixi qələbədə boksçularımızın da böyük əməyi olub.

Dəri əlcək ustalarımızın olimpiadadakı çıxışları ilə bağlı bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı, peşəkar boksçumuz Fariz Məmmədovla görüşdük. "Olimpiya dünyası" qəzetinə müsahibə verən "Qələbə” boks klubunun rəhbəri və Olimpiadada ölkəmizi təmsil edən nümayəndə heyətimizin üzvlərindən olan Fariz Məmmədov suallarımızı səmimi şəkildə cavablandırdı.

- Fariz müəllim, ilk növbədə sizi komandamızın Rio Olimpiadasında qazandığı uğurlu nəticələr münasibəti ilə təbrik edirik. Olimpiya Oyunlarında əldə olunan uğuru necə qiymətləndirirsiniz?

- Çox sağ olun. Mən də öz növbəmdə sizi və bütün xalqımızı təbrik edirəm. Olimpiya Oyunlarında 18 medal qazanmaq heç də asan deyil. Qazandığımız nəticə təkcə idmançılarımızın yox, bütün xalqımızın qələbəsidir.

- Mütəxəssis kimi boksçularımızın çıxışları haqda nə deyə bilərsiniz?

-Təbii ki, ancaq müsbət rəy söyləyə bilərəm. "Qələbə” idman klubunun yetirmələri Kamran Şahsuvarlı və Lorenzo Sotomayor bizi çox sevindirdilər. Kamran bürünc mükafatçı oldu. Lorenzo Sotomayor isə gümüş medal qazanmaqla bizi sevindirdi. Fürsətdən istifadə edib hər iki boksçumuzu təbrik edirəm. Həm Kamran Şahsuvarlı, həm də Lorenzo Sotomayor gənc idmançıdırlar. Onların hər birinə gələcəkdə daha böyük uğurlar arzulayıram. Hər ikisi Olimpiya çempionu olmağa qadirdirlər və inanıram ki, buna nail olacaqlar.

- Bəs hakim ədalətsizliyi ilə üzləşdiyiniz məqamlar oldumu?

- Bəli, bir neçə dəfə oldu. Adətən böyük yarışlarda hakimlərin ədalətsiz qərarlarının şahidi olmaq mümkündür. Həmin haqsız qərarlar sonda ümumi nəticəyə böyük təsir göstərir.

- Braziliyada iki həftə ərzində hansısa neqativ hallarla rastlaşdınız?

- İndiyə kimi bir çox ölkələrdə olmuşam. Braziliyaya ilk dəfə idi ki, gedirdim. Çox gözəl və maraqlı şəhərdir. Düzdür, böyük şəhərdir. Buna baxmayaraq iki həftə ərzində bacardığım qədər paytaxtı gəzməyə çalışdım. Təəssüratlarım əla oldu.

-Bəs, Rio-da hansısa maraqlı hadisə ilə qarşılaşdınızmı?

-İlk dəfə tanımadığın bir şəhərə gedib, iki həftə qalıb, oradan xoş xatirəsiz ayrılmaq mümkün deyil (gülür). Amma həmin vaxtlarda bütün diqqətimizi idmançılarımızın çıxışlarını yönəltdiyimizə görə belə hadisələrə elə də fikir vermirdim. Digər bir tərəfdən isə ən böyük xatirəmiz şübhəsiz ki, qazandığımız 18 medal oldu.

- İstərdik bir qədər də rəhbəri olduğunuz "Qəbələ” boks klubu haqqında danışasınız.

- "Qəbələ” boks klubunun əsası 2013-cü ildə qoyulub. Həmin vaxtdan etibarən kluba rəhbərlik edirəm. Üç ildir ki, klubumuzun yetirmələri müxtəlif beynəlxalq turnirlərdə yer tutmaqla bizi sevindirirlər. Artıq yüzlərlə yeniyetmə və gənc Avropa rinqlərində "Qəbələ”ni layiqincə təmsil edir. Bu, çox sevindiricidir. Elə söhbətimizin əvvəlində qeyd etdiyim kimi Olimpiya Oyunlarında mükafatçı olan hər iki boksçu - Kamran Şahsuvarlı və Lorenzo Sotomayor bizim klubu təmsil edir. Onların qazandığı nailiyyətlər mənim üçün iki qat qürurvericidir.

- Gələcək planlarınız haqqında da oxucularıma məlumat verərdiniz.

-Əlbəttə, idman elə bir sahədir ki, burada həmişə çalışmaq lazımdır. Gələcəkdə yarışlar olmasa belə müntəzəm olaraq məşq prosesini davam etdirmək vacibdir. Ən böyük məqsədimiz gələn il ölkəmizin ev sahibliyi edəcəyi IV islam Həmrəyliyi Oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir.

- Son olaraq nə demək istərdiniz?

- Nəzərinizə çatdırım ki, "Qəbələ” idmançıları təkcə boksda yox bütün idman növlərində layiqli şəkildə mübarizə aparır, əzmkarlıqla qələbə uğrunda çalışırlar. Eləcə də futbolda. "Qəbələ” futbol klubunun qazandığı uğur münasibəti ilə bütün azarkeşləri təbrik edirəm. Bu uğurlara görə klub rəhbəri Tale Heydərova minnətdaram. İdman jurnalistlərimizə də minnətdarlığımı bildirirəm ki, bizim qələbələrimizi, uğurlarımızı işıqlandıraraq xalqımıza çatdırırlar.

Kənan Novruzov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir