23:53 22-07-2025
80
Skopye-2025: Azərbaycan idmançıları üçün əlamətdar gün - GÜNÜN NƏTİCƏLƏRİ
Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci yarış gününə yekun vuruldu.
Olimpnews.az xəbər verir ki, bu gün yarışlar təkcə paytaxt Skopyedə deyil, eyni zamanda Şimali Makedoniyanın Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində də təşkil olundu. Kumanovodo şose velosipedi, Osiekdə isə idman gimnastikası yarışlarına start verildi. Yarışların ikinci günündə Azərbaycan idmançıları 7 (cüdo, üzgüçülük, badminton, idman gimnastikası, şose velosipedi, stolüstü tennis, güllə atıcılığı) idman növündə təmsil olundu. Fərdi yarışlarda qüvvəsini sınayacaq 19 idmançımızla yanaşı, üzgüçülük proqramında qarışıq 4x100 m sərbəst üsulla estafet üzrə (iki oğlan və iki qızdan ibarət) komandamız da mübarizə apardı. Günü üç qızıl medalla başa vuran komandamız hazırda medalçılar sıralamasında İtaliya (4 qızıl, 2 gümüş, 4 bürünc) və Macarıstandan (4 qızıl, 2 bürünc) sonra üçüncü pillədə qərarlaşır.
Komandamızın nəticələrini təqim edirik:
Cüdo
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start verilib.
İlk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxıb. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarının ilk günü komandamızın hər üç üzvü üçün uğurlu olub.
Təmsilçilərimizdən Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
-50 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rza Xəlilli 1/8 finalda Angel Radevskini (Şimali Makedoniya) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələlərdə macarıstanlı Milan Szabo və böyük britaniyalı Koen Cilbertə qalib gələn idmançımız həlledici görüşə vəsiqə əldə edib.
Finalda ispaniyalı Alexandro Çiarroniyə də qalib gələn cüdoçumuz komandamıza Skopye-2025-in ilk qızıl medalını qazandırıb.
Mübarizəyə 1/4 final mərhələsindən başlayan Gülşən Hüseynova isə ardıcıl olaraq Sara Coni (Böyük Britaniya) və Livanur Kayıra (Türkiyə) qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə israilli Yuval Qabayı da üstələyən Avropa çempionatının bürünc medalçısı fəxri kürsünün ən yüksək plləsinə qalxıb.
Avropa çempionumuz Rəsul Əlizadə (-55 kq) isə 1/4 finalda Tomas Hidonu, yarımfinalda isə isveçrəli Silvano Korini məğlub edib. Həlledici görüşdə xorvatiyalı Kristian Butuçini məğlub edən Rəsul komandamıza günün üçüncü qızıl medalını qazandırıb.
Rəsul həmçinin 26 gün fərqlə Skopyedə ikinci çempionluğunu əldə edib.
Xatırladaq ki, idmançımız iyunun 26-da Skopydə keçirilən Avropa çempionatında da qızıl medala sahib çıxmışdı.
EYOF-2025-in növbəti günlərində komandamızın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu tatami üzərinə çıxacaq.
Atıcılıq
Skopye-2025 çərçivəsində “Partizan” idman zalında keçirilən güllə atıcılığı üzrə qızların pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında təmsilçimiz Leyli Əliyeva 7-ci yeri tutub - (371-6 x).
Bu növdə mübarizə aparan oğlanların yarışında isə atıcımız Oleq Kerjankin (371,0-10x) festvaldakı mübarizəsini 15-ci pillədə tamamlayıb.
Qeyd edək ki, təmsilçilərimiz Skopye-2025-də güllə atıcılığı üzrə 10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 4 kateqoriya üzrə (duet, fərdi, solo, duet HİT/MİSS) mübarizə aparırlar. Oleq Kerjankin və Leyli Əliyeva sabah solo (10 m), iyulun 25-də isə duet HİT/MİSS (10 m) yarışlarında iştirak edəcəklər.
Badminton
Yarışların ikinci günündə badmintonçularımız növbəti görüşlərini keçiriblər. Komandamızın üzvü Əli Gözəlov G qrupunun üçüncü oyununda italiyalı Alessio Katalfamo ilə qarşılaşıb. Görüş rəqib idmançının 2:0 (21:19, 21:17) hesablı qələbəsi ilə yekunlaşıb.
İdmançımız dördüncü görüşündə kiprli Pantelis Vasiliou ilə qarşılaşıb. olacaq. Görüş idmançımızın 2:0 (21:17, 21:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Digər badmintonçumuz Viktoriya Kumanyayeva isə ikinci görüşündə çexiyalı Ştepanka Nıdrlova ilə qarşılaşıb. G qrupunda ikinci oyununu keçirən idmnaçımız rəqibinə 2:1 (21:18, 9:21, 16:21) hesabı məğlub olub.
İdmançımız üçüncü görüşdə Cill Laur Felten (Lüksemburq) ilə üz-üzə gəlib. Görüşdə rəqib idmançının qələbəsi qeydə alınıb -1:2 (21:19, 18:21, 12:21).
Badmintonçumuz günün son oyununu isə ukraynalı Varvara Poperezaya qarşı keçirib. Təəssüf ki, idmançımız bu görüşdə də qələbə qazana bilməyib. Daha fəal təsir bağışlayan ukraynalı badmintonçu yekunda 2:0 (21:14, 21:13) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, badminton yarışları Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə keçirilir.
Üzgücülük
Bu gün Skopye-2025 çərçivəsində keçirilən üzgüçülük üzrə növbəti yarışlar keçirilib. Komandamızın üzvü Ramal Sadıqlı 100 m məsafəyə sərbəst üsulla yarışda mübarizə aparıb. Təsnifat mərhələsinin I qrupunda 56.16 saniyə nəticə göstətən idmançımız növbəti mərhələ şansını itirib.
Bu gün həmçinin Skopye Olimpiya Hovuzunda festival çərçivəsində üzgüçülüyün qarışıq (4x100 sərbəst) estafet yarışlarına da start verilib. Mehri Əbdurəhmanlı, Ramal Sadıqlı, Vlastilina Xasyanova və Fərhad Şirməmmədlidən ibarət estafet yığmamız ümumilikdə 4:11:5 nəticə ilə 23-cü yeri tutub. Komandamız bu nəticə ilə finala çıxmaq şansını itirib.
Stolüstü tennis
Bu gün Skopye-2025 çərçivəsində keçirilən stolüstü tennis yarışlarına da start verilib. Bu idman növü üzrə ilk yarış günündə iki idmançımız mübarizə aparıb. Təmsilçimiz Şəbnəm Mansurova ilk görüşünü serbiyalı Maya Vanyoya qarşı keçirib. “Partizan” idman zalında keçirilən görüş rəqib idmançının 3:1 (8:11, 11:2, 11:8, 11:1) hesablı qələbəsi ilə yekunlaşıb.
Şəbnəm Mansurova növbəti görüşündə Yunanıstan təmsilçisi Styliani Mavromataki ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 2:3 (11:8, 11:9, 5:11, 5:11, 10:12) hesablı qələbəsi ilə başa çatıb.
Bu gün mübarizəyə başlayan digər stolüstü tennisçimiz Uğur Nəzərli isə ilk görüşündə irlandiyalı Peadar Şeridanla qarşılaşıb. İkinci qrupun birinci turu çərçivəsində keçirilən görüş rəqib idmançının 3:1 (11:2, 11:9, 10:2, 11:6) qələbəsi ilə yekunlaşıb.
İdman gimnastikası
Bu gün Xorvatiyanın Osiek şəhərlərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarına da start verilib.
Ölkəmizi idman gimnastikasının fərdi çoxnövçülük yarışlarında Rafael Həsənov təmsil edib. O, 11.650 xalla festivalı 27-ci sırada başa vurub.
Qeyd edək ki, gimnastika yarışları “Qradski Vrt” yarış zalında keçirilir.
Şose velosipedi
Bu gün şose velosipedi üzrə qızlar və oğlanlar arasında fərdi yarışlara da start verilib. Kumanovo şəhərinin mərkəzindəki Nova Yuqoslaviya meydanında keçirilən yarışlarda 3 qız və 3 oğlan idmançımız mübarizə aparıb. Təəssüf ki, idmançılarımızın heç biri mükafatçılar sırasına düşə bilməyib. Qızların yarışında Məryəm Hüseynova 79-cu (17:03.04), Ceyla Həşimova 81-ci (17:25.97), Sevinc Sultanzadə isə 83-cü (18:23.55) olub.
Oğlanların mübarizəsində isə Nihad Xudoyev 87-ci (14:40:14), Asiman Qasımov 90-cı (14:49:45), Çingiz İsayev isə 91-ci (14:50:72) yerlə kifayətlənib.
Azər Əlizadə


























