Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb

Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb

Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu sentyabrın 7-də Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paralimpiyaçıların yaxınları və jurnalistlər iştirak ediblər.

Qrupun tərkibində ölkəmizə qızıl və gümüş medal qazanan atletimiz Lamiyə Vəliyeva, eləcə də yarışı mükafatsız başa vuran Yuliya Yanovskaya və Kamran Zeynalov, Yelena Taranova Vətənə qayıdıblar.

Xatırladaq ki, Paralimpiadada 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb. Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamid Heidəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.