Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar 

Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar 

Cüdo

Bugün, 10:00

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. Sentyabrın 11-13-də təşkil olunan yarışda 67 ölkədən 504 (308 kişi və 196 qadın) cüdoçu mübarizə aparıb. Yarışda Azərbaycan komandası 11 çəki dərəcəsində 16 (12 kişi və 4 qadın) cüdoçu ilə təmsil olunub. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən mötəbər yarışda milli komandamız bir qızıl və iki bürünc medal qazanıb. 

Yığmamızın ən uğurlu nəticəsinə 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev imza atıb. Yarışa 1/32 final mərhələsindən başlayan cüdoçumuz keçirdiyi altı görüşün hamısından qalib ayrılıb. R.Məmmədəliyev finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb. Bununla da Rəşid Məmmədəliyev karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub və bu yarışlarda ilk qızıl medalını əldə edib. Buna qədər isə o, "Böyük Dəbilqə"nin iki dəfə gümüş, üç dəfə isə bürünc medalını qazanıb. 

81 kq çəki dərəcəsində çıxış edən Vüsal Qələndərzadə də turniri medalla tamamlayıb. Mübarizəyə 1/32 finaldan başlayan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Sloveniyanı təmsil edən Natse Herkoviçə qalib gələrək bürünc medal qazanıb. Bu, V.Qələndərzadənin karyerasında “Böyük Dəbilqə” yarışlarında ikinci medalıdır. O, 2025-ci ildə Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində də bürünc medal əldə etmişdi.

Azərbaycan millisinin üçüncü mükafatını +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov qazanıb. Yarışa 1/16 finaldan başlayan cüdoçumuz üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya ipponla qalib gələrək bürünc medala sahib çıxıb. Bu nəticə C.Qamzatxanov üçün cari mövsümdə Dünya Cüdo Turunda artıq dördüncü medaldır. O, bundan əvvəl Daşkənd və Düşənbə “Böyük Dəbilqə”lərində, eləcə də Yuxarı Avstriya Qran-Prisində bürünc medal qazanmışdı.

Budapeştdə Azərbaycan millisinin nəticəsi komanda hesabında da diqqət çəkib. Yığmamız kişilər arasında Yaponiya və Rusiya kimi güclü cüdo ənənəsinə malik komandaları qabaqlayaraq birinci yeri tutub. Ümumi komanda hesabında isə Azərbaycan millisi beşinci pillədə qərarlaşıb.

Budapeşt tatamisində əldə olunan nəticənin digər diqqətçəkən məqamı əsas heyətin bir sıra aparıcı cüdoçularının yarışda iştirak etməməsi fonunda gənc idmançıların özlərini doğrultmasıdır. Təcrübəli və əsas heyət üzvlərindən Hidayət Heydərov və Zelim Kotsoyevin zədə səbəbindən mübarizəyə qoşula bilmədiyi yarışda gənc cüdoçularımızın qazandığı nəticələr oktyabr ayındakı dünya çempionatı ərəfəsində nikbinlik yaradır. Bu göstəricilər milli komandanın ehtiyat qüvvəsinin də formalaşdığını və Azərbaycan cüdosunda yeni nəslin beynəlxalq arenada öz sözünü deməyə hazır olduğunu nümayiş etdirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR