Bir neçə gündən sonra Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarına start veriləcək. Budəfəki "ağ olimpiada”da 95 ölkədən 4 mindən çox idmançı 15 idman növündə mübarizə aparacaq. Komandamız Qış Olimpiya Oyunlarının yeddinci cəhdində 2 idmançı ilə təmsil olunacaq. Belə ki, Pekində fiqurlu konkisürənlərimiz Vladimir Litvintsev və Yekaterina Ryabova buz üzərinə çıxacaqlar. Oyunlarda komandamızın bayraqdarı Vladimir Litvintsev olacaq. Bu günlərdə Pekinə yollanacaq idmançılarımızla əlaqə saxlayaraq onların yarışa hazırlıq prossesi ilə maraqlandıq. Atletlərimizlə olan eksklüziv müsahibələri oxuculara təqdim edirik.
- Vladimir, Pekin Olimpiadasında Azərbaycanın bayraqdarı sən olacaqsan. Hansı hissləri keçirirsən?
- 2018-ci ildən Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyə başlamışam. Bu ölkəni özümə doğma sayıram. Pekin Olimpiadasında Azərbaycanı yarışlarda bayraqdar kimi təmsil edəcəyəm. Bu barədə qərarı mənə çatdıranda həm həyəcanlandım, həm də böyük qürur hissi keçirdim. Bayraqdar olmaq ikiqat məsuliyyətdir. Bütün diqqətlər sanki sənə tərəf yönəlir. Çalışacağam ki, bu etimadı doğruldum. Yüksək nəticə qazanacağıma inanıram.
- Yarışlara az vaxt qalıb. Məşq prosesi necə keçir?
- Məşq prosesimiz yüksək səviyyədə davam edir. Demək olar ki, günümün əksər hissəsi Moskvadakı "Yantar” İdman Kompleksində keçir. Çalışırıq ki, hər bir xırda məqamları diqqətdən qaçırmayaq. Fiqurlu konkisürmədə hər bir elementin dəqiqliyi bizim üçün əlavə üstünlükdür. Vaxt azaldıqca məşq prosesində daha məsuliyyətli olmağa çalışıram. Yarışqabağı özümü yaxşı hiss edirəm. Ayağımdakı zədənin bərpasına da xüsusi diqqət yetirirəm. Hər bir hərəkətin öhdəsindən layiqincə gəlirəm. Hesab edirəm ki, ayağımdakı ağrılar çıxışıma əks təsir göstərməyəcək.
- Bu yaxınlarda Tallində Avropa çempionatında iştirak etdin. Yarışdakı çıxışından razı qaldınmı?
- Tallində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatı mənim üçün əsas hazırlıq hesab oluna bilər. Qitə çempionatında gərgin mübarizə hökm sürdü. Olimpiadada üz-üzə gələcəyim rəqiblərin əksəriyyəti ilə qitə çempionatında yarışmalı oldum. Yekun nəticələrə əsasən 8-ci yerə layiq görüldüm. Bu mənim üçün uğur sayılmalıdır. Zədəli vəziyyətdə belə bir nəticəni qazanmaq asan məsələ deyil.
- Azərbaycanlı azarkeşlər səndən və Yekaterina Ryabovadan böyük uğur gözləyir. Bunu necə, hiss edirsən?
- Məşqlərimin gərgin olması ilə əlaqədar sosial şəbəklərdən az istifadə edirəm. Qısa zaman ərzində azərbaycanlı izləyicilərimin sayında artım var. Onların hər biri bizim barədə yüksək fikirdədirlər. Şərhlər bölməsində yazılanlar məni sevindirir. Hər bir yazılan şərhdə məndən uğur gözlədiklərini qeyd edirlər. Bu isə məni daha da ruhlandırır.
Olimpiada böyük bir idman tədbiridir. Hər bir idmançının karyerası ərzində bu mötəbər yarışda öz bacarığını nümayiş etdirmək üçün fürsəti olmur. İstənilən halda bütün qüvvəmi səfərbər edib, maksimum nəticə göstərməyə çalışacağam.
- Qəzetimizin çoxsaylı oxucuları adından hər ikinizə uğurlar diləyirik.
- Çox sağ olun.
Anar Əhmədov