Avropa birinciliyi davam edir 

Avropa birinciliyi davam edir 

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinə keçirilir. 28 ölkədən 378 idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi 22 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə komandamızın 6 üzvü mübarizəyə başlayıb. 60 kq çəkidə gücünü yoxlayan Kənan Aslanlı debüt qarşılaşmasında macarıstanlı Roland Banqonu sınağa çəkib. Təmsilçimiz ilkin mərhələdə rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb.
Nicat İmanovun (66 kq) da ilk döyüşü uğurlu alınıb. O, Yurac Tutundziçi (Xorvatiya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı məğlub edib. Əli Məmişov (70 kq) Avropa birinciliyinə Orestas Staponkusla (Litva) qarşılaşma ilə başlayıb. Boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə sayəsində mərhələ adlayıb.
Əmir Abasov (80 kq) isə Artyom Bedjunovu (Estoniya) mübarizədən kənarlaşdırmaqda çətinlik çəkməyib – 5:0 (30:26, 30:26, 30:26, 20:27, 30:26).
İlk gündə rinqə çıxan Ömər Quluzadə (75 kq) Kolin Lottnerlə (Almaniya), Məhəmməd Cəfərov (90 kq) Emils Salmsla (Latviya) döyüşüb. Görüş rəqiblərin qələbəsi ilə başa çatıb.
Yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub. Raul Əsədullayev ilkin mərhələdə Miklas Maksimilianla (Slovakiya) qarşılaşıb. 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu rəqibini 5:0 (30:27, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. Səma Hüseynova (54 kq) isə ilk görüşündə gürcüstanlı Məryəm Tçapodzedən güclü olub. O, 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Əli Baxışov (42 kq), Rza Rzayev (57 kq) və Mədinə Məmmədova (60 kq) isə məğlub olaraq mübarizəni dayandırıblar.
Yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsi çərçivəsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb. 44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. B.Nəsirli növbəti döyüşündə ingiltərəli Kalsi Cayla üz-üzə gələcək. Qarşılaşma avqustun 18-də olacaq.