Milli federasiyaların nümayəndələri ilə görüş keçirilib

Milli federasiyaların nümayəndələri ilə görüş keçirilib

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə beşinci görüş keçirilib. Görüşdə V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmiş idman növləri üzrə federasiyaların nümayəndələri də iştirak ediblər.

Bakı Gənclər Mərkəzində keçirilən toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən “V İslam Həmrəyliyi Oyunlarının hesabatı”, “Federasiyalar tərəfindən V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlili”, “İdmançıların (həmçinin məşqçi, hakim və s.) lisenziyalaşdırılması prosesi”, “Media”, “Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya yarışları üçün iş planı” və digər məsələlər müzakirə olunub.

Tədbirdə Fərid Qayıbov “İdman ustası” adına layiq görülmüş idmançılara müvafiq vəsiqə və nişanları təqdim edib.

Görüşdə, həmçinin Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə İdman Azarkeşləri və Könüllüləri İctimai Birliyinin təqdimatları da dinlənilib.