FİFA-dan Mahir Emreli üçün cəza

FİFA-dan Mahir Emreli üçün cəza

Millimizin Zaqreb "Dinamo"sunda çıxış edən hücumçusu Mahir Emreli FİFA tərəfindən cəzalandırılıb. Bu barədə Emrelinin sabiq klubu "Legiya"nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski öz Tvitter səhifəsində paylaşım edib.
O bildirib ki, 25 yaşlı hücumçu Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.
Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Legiya"ya keçmişdi. Dekabrda isə "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu zamanı Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu Polşa klubundan ayrılaraq "Dinamo"ya keçib.