Azərbaycan Boks Federasiyasının (ABF) Veteranlar və Çempionlar Komitəsinin ilk iclası keçirilib. Yığıncaqda ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov yeni fəaliyyətə başlayan komitənin sədri Şahin İmranovu təqdim edib.
Ardınca Veteranlar və Çempionlar Komitəsinin üzvlərinin qeydiyyatı təsdiqlənib. Bildirilib ki, burada Azərbaycanı Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında uğurla təmsil etmiş tanınmış boksçular yer alıblar.
İclasda regionlarda boksun daha da inkişafı üçün təkliflər səsləndirilib. Müxtəlif şəhər və rayonlarda mövcud durum və çıxış yolları, gənclərin boksa cəlb olunması üçün atılması vacib olan addımlar, dünya boksunda baş verən son hadisələr, Beynəlxalq Boks Assosiasiyası və Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətlərin daha da yüksəlməsi istiqamətində görüləcək işlər müzakirə edilib. Həmçinin veteran boksçuların köməyindən daha çox istifadə olunması, qarşıdakı Azərbaycan çempionatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Veteran boksçular da çıxış edərək Azərbaycanda bu idman növünün yüksələn xətlə inkişafına nail olmaq üçün təkliflərini səsləndiriblər.
Veteranlar və Çempionlar Komitəsinin iclası keçirilib