Maribor-2023: Azərbaycan medal sıralamasında 26-cıdır

Maribor-2023: Azərbaycan medal sıralamasında 26-cıdır

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının üçüncü yarış gününə yekun vurulub. Azərbaycan millisi 2 bürünc medalla ümumi sıralamada 26-cı pillədə qərarlaşıb.

Medal əyarına görə sıralamaya İtaliya 11 (3 qızıl, 5 gümüş, 3 bürünc) medala başçılıq edir. Macarıstan 9 (3 qızıl, 3 gümüş, 3 bürünc) medalla ikinci, Çexiya isə 3 (2 qızıl və 1 gümüş) medalla üçüncüdür.

Maribor-2023-də bu günədək ümumilikdə 31 ölkənin təmsilçiləri medal qazanıb.

İyulun 29-dək davam edəcək XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan komandasına Maribor-2023-də bürünc medalları cüdoçularımız Nihad Məmişov (-50 kq) və Ayxan Mirzəzadə (-55 kq) qazandırıb.