Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Yarıların dördüncü günündə Azərbaycan idmançıları da festival çərçivəsində müxtəlif idman növləri üzrə güclərini sınayıblar. İdmançılarımız festivalın dördüncü yarış gününü 2 qızıl və 2 bürünc medalla başa vurublar. Komandamızın aktivinə medalları cüdoçularımız yazdırıblar. Hazırda Azərbaycan komandasının aktivində 2 qızıl və dörd bürünc medal var.
Azərbaycan idmançılarının dördüncü yarış günündəki çıxışları barədə nəticələri təqdim edirik.
Cüdo
Maribor-2023 XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışlarının ikinci günündə Azərbaycan komandasının daha 4 (2 oğlan, 2 qız) cüdoçusu tatami üzərinə çıxıb. Təmsilçilərimiz günü 2 qızıl və 2 bürünc medalla başa vurublar.
Komandamıza qızıl medalları Vüsalə Hacıyeva (-48 kq) və Xədicə Qədəşova (-52 kq), bürünc medalları isə Məhəmməd Musayev (-66 kq) və Cəsur İbadlı (-66 kq) qazandırıb.
Mübarizəyə 1/8 finalda rumıniya təmsilçisi Lorena Mandan üzərində qələbə ilə başlayan V.Hacıyeva növbəti görüşdə italiyalı Janka Juttnerə qalib gəlib. Avropa çempionumuz yarımfinalda fransalı Selia Maillardı da üstələyərək adını finala yazıdırb. Həlledici görüşdə də parlaq çıxışını davam etdirən cüdoçumuz ispaniyalı Aitana Diaz Hernandesi məğlub edərək XVII Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırıb.
Festivala 1/8 finaldan başlayan digər cüdoçumuz Xədicə Qədəşova (- 52 kq) da uğurla çıxış edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) və Marlene Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda həlledici görüşdə ispaniyalı Adriana Hevia Saezə qalib gələrək Maribor-2023-ün qızıl medalına layiq görülüb.
Oğlanların mübarizəsində isə Məhəmməd Musayev (-60 kq) 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparan idmançımız ardıcıl olaraq Roman Dekan (Slovakiya), Amsar Damladinov (Belçika) və Tornike Cicauriyə (Gürcüstan) qalib gələrək bürünc medala sahib çıxıb.
Komandamızın digər üzvü Cəsur İbadlı (-66 kq) isə mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq rumıniyalı Andrei Buqa, fransalı Kais Quettari və niderlandlı Bazile la Fontaynedən üstün olan cüdoçumuz yarımfinalda gürcüstanlı Mate Qveleşianiyə uduzub. Üçüncü yer uğrunda görüşdə moldovalı Renat Kroitorla qarşılaşan Cəsur rəqibinə qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.
Atletika
Atletika yarışlarında təmsilçimiz Hüseyn Abasov uzunluğa tullanma növündə öz bacarığını nümayiş etdirib. A təsnifat mərhələsində iştirak edən 11 idmançı arasında atletimiz 6,27 metr tullanıb. Lakin bu nəticə onun üçün yetərli olmayıb. Yarışları 7-ci pillədə başa vurub. Hüseyn Abasovla birlikdə yarışan çexiyalı Petr Meyndlşmid (7.28), almaniyalı Fritz Voelkel (6.66), italiyalı Rokko Martinelli (6,62) və rumıniyalı Kristian Popesku (6,43) təsnifat mərhələsini uğurla başa vurublar.
Qızların 200 metr məsafəyə qaçış yarışlarında ikinci təsnifatdan mübarizəyə başlayan İlahə Quliyeva 6 rəqibi ilə mübarizəni 6-cı yerdə tamamlayıb. O, həmin məsafəni 25.77 göstərici ilə qət edib. Finişi keçən iki idmançı - italiyalı Elisa Marsello (24.83) və fransalı Emma Marsilyak (24.99) təsnifatı uğurla yekunlaşdırıblar.
Oğlanların 200 metr məsafəyə qaçış yarışlarında iştirak edən Novruz Əsədli də ümidləri doğrultmayıb. İdmançımız finiş xəttinə çıxan 7 iştirakçı arasında 6-cı yeri tutub - 22.94. Onun rəqibləri arasında ən yaxşı göstərici isveçrəli Akira Eqaqaya məxsus olub - 21.78.
Dağ velosipedi
Mariborun şəhər mərkəzində keçirilən oğlanların kross yarışında starta 31 iştirakçıdan 29-u çıxıb. Velosipedin bu idman növündə ölkəmizi Maksim Polikarpov təmsil edib. Final mərhələsində idmançımız yarışı 00:19:47 nəticə ilə sonuncu yerdə tamamlayıb. Çexiyalı Kristof Bazant (00:54:53), almaniyalı Elias Huekman (00:55:26) və avstriyalı Valentin Hofer (00:55:59) mükafatçılar sırasında yer alıb.
Gimnastika
İdman gimnastikası üzrə fərdi yarışlarda iki təmsilçimiz çıxış edib. Aytən Məmmədova 78 idmançı arasında 62-ci (41.650), Duyğu Məcidzadə isə 64-cü (41.450) pillədə yer alıb. Onun rəqibləri almaniyalı Helen Kevriç (53.900), italiyalı Sara Kaputo (52.350) və britaniyalı Ema Kandalova (50.400) ilk üçlükdə yer alıblar.
Qızların komanda yarışlarında Azərbaycan millisi 25-ci pillədə qərarlaşıb - 83.100. Komanda yarışlarının yekunlarınaəsasən siyahının ilk üç pilləsində İtaliya (104.850), Almaniya (104.050) və Böyük Britaniya (100.400) yığması yer alıb.
Sərbəst hərəkətlər üzrə çıxışlarda Duyğu Məcidzadə 16-cı (10,450), Aytən Məmmədova (10.150) isə 18-ci yeri tutub. Bu növ üzrə ən yaxşı nəticəni britaniyalı Jemima Teylor əldə edib - 12.400.
İdman gimnastikasının müxtəlif hüdürlüklü qollar üzrə yarışlarındaAytən Məmmədova və Duyğu Məcidzadə ilk onluqda yer ala bilməyiblər.
Gimnastika tiri üzərində yarışlarda mübarizəniDuyğu Məcidzadə 14-cü (10.400), Aytən Məmmədova isə 20-ci (8.950) pillədə yekunlaşdırıb. Çexiyalı Vanesa Masova isə bütün rəqibəlrindən üstün olub - 12.850. Dayaqla tullanma yarışlarında Aytən Məmmədova 12-ci (11.050), Duyğu Məcidzadə isə 20-ci (8.600) yerə layiq görülüb. İdman gimnastikasının bu növündə ukraynalı Diana Lobok ən yaxşı göstərici ilə yadda qalıb -13.450.
Üzgüçülük
Üzgüçülük yarışlarında ölkəmizi təmsil edən Səid Həmidov təsnifat mərhələsinə vəsiqə əldə edə bilməyib. O, 200 metr arxası üstə mübarizəni sonucu,6-cı pillədə yekunlaşdırıb. Onun bu məsafədə göstəricisi 00:02:18.12 olub. Onunla eyni vaxtda mübarizəyə qoşulan avstriyalı Nikolay Parvoy (00:02:09.45) və slovakiyalı Filip Podobnik (00:02:11.28) təsnifatı uğurla başa vurublar.
Tennis
XVII Avropa Gənclər Olimpiya Festivalının tennis yarışlarında Nazim Məlikov və Tamerlan Kərimovdan ibarət komandamız qoşa yarışlarda mübarizə aparıb. Komandamız Kipr tennisçiləri ilə üz-üzə gəlib. Hər iki setin 0:6 başa çatdığı görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb (0:2).