Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub. Yarışın bağlanış mərasimi Maribor şəhər meydanında təşkil olunub. Mərasimdə Sloveniya və bəzi Avropa ölkələrinin rəhbər şəxsləri, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəsmiləri iştirak ediblər. Mərasim Sloveniyanın Dövlət Himni ilə başlanıb.
Maribor Bələdiyyə Başçısı Sasha Arsenoviç bağlanış mərasimində çıxış edərək, şəhərin "EYOF sayəsində böyük bir Olimpiya ailəsinin bir hissəsi olduğunu və bununla da Sloveniyanın böyük tədbirlərin təşkilində nüfuzunu təsdiqlədiyini"söyləyib.
Ardınca iştirakçı ölkələrin bayraqları meydana gətirilib. Mərasimdə Azərbaycan komandasının bayraqdarları EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov olub.
Bağlanış mərasimi Azadlıq meydanında ev sahibi ölkənin bayrağının enməsi və millətlərin paradı və DJ Maynamikin musiqisini əhatə edib.
Festivalın bağlanış mərasimində sülh atəşi söndürüldükdən sonra İtaliyanın medal cədvəlinə başçılıq etməsi ilə başa çatıb.
Qeyd edək ki, iyulun 23-dən 29-dək davam edən XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparıb. Azərbaycan Maribor-2023-də 7 (cüdo, atletika, gimnastika, tennis, üzgüçülük, şose velosipedi, dağ velosipedi) idman növü üzrə 36 idmançı ilə təmsil olunub. Komandamız festivalı 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.
Komandamıza bütün medalları cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.
Festivalı 10 medalla başa vuran Azərbaycan komandası medal sıralamasında 13-cü pillədə qərarlaşıb.