Gənclər və idman naziri CİGEPS-in növbəti sessiyasında çıxış edib

Gənclər və idman naziri CİGEPS-in növbəti sessiyasında çıxış edib

Aprelin 3-də UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın mənzil qərargahında öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın açılış hissəsində Komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edib. O, Çilinin idman nazirinin bu vəzifəyə seçilməsi münasibətilə təbrik edərək Komitənin son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən nazir F.Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransı haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib.
İclasda iştirak edən Baş direktorun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.
Nazir Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO Baş direktorunun Sosial və Humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.