Məşhur “İnsidethegames.biz” portalı MOK-un “olympic.az” saytında yer alan məqalədən bəhs edib

Məşhur “İnsidethegames.biz” portalı MOK-un “olympic.az” saytında yer alan məqalədən bəhs edib

“İnsidethegames.biz” portalı Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına yüksək səviyyəli ev sahibliyi etməsindən yazıb.

“olympic.az” saytında verilən “Azərbaycan Avropa Oyunlarının standartlarını yaratdı” adlı məqalədəki faktlardan istifadə edərək “İnsidethegames.biz” saytının hazırladığı məqalədə əvvəlcə Azərbaycanın Avropa Olimpiya Komitələrinin (EOC) 41-ci Baş Assambleyasında 48 səsdən 38-ni toplayaraq Avropanın özünəməxsus ilk yarışını qəbul etməyə haqq qazandığı vurğulanıb.

Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin Oyunların uğurlu təşkili üçün EOC-la birgə fəaliyyətindən bəhs edilib.

Yazıda Avropa Olimpiya Komitələrinin o zamankı prezidenti Patrik Hikkinin fikirlərinə də yer verilib: “Belə tədbirlərə ev sahibliyi edən bir çox şəhər hazırlığa 5-7 il vaxt sərf edirlər. Bakı isə cəmi 30 aylıq hazırlıqdan sonra qitə miqyasında bu möhtəşəm Oyunları yüksək səviyyədə təşkil etməklə Avropa Olimpiya Hərəkatını şərəfləndirdi”.

Qeyd olunub ki, bu yarış həm də Azərbaycan ilə Avropa ölkələri arasında iqtisadi, siyasi, idman sahələrində əməkdaşlığın gücləndirilməsi, turizmin inkişafı üçün əlverişli şərait yaradıb.

“Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunları gələcək idman tədbirləri üçün standart müəyyənləşdirib”, - məqalədə bildirilib.

Yazıda Azərbaycan komandasının 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) Rusiyadan (164 medal) sonra ümumi sıralamada 2-ci yeri tutması xatırladılıb.

IV Avropa Oyunları 2027-ci ildə Türkiyədə keçiriləcək. Məqalədə 2022-ci ildə Konyanın ev sahibliyi etdiyi V İslam Həmrəyliyi Oyunlarındakı təşkilatçılıq uğurunu əsas götürən Türkiyənin Azərbaycanın I Avropa Oyunlarında müəyyən etdiyi standartlara cavab verməyə çalışacağı diqqətə çatdırılıb.

Sonda isə Bakı-2015-in idmançılar, ekspertlər və media tərəfindən dünyada nadir hadisə kimi qiymətləndirilməsi xüsusi vurğulanıb.