Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışların ikinci günündə daha 4 cüdoçumuz tatami üzərinə çıxıb. Təmsilçilərimizdən -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Hidayət Heydərov mükafatçılar sırasında yer alıb. Dünya reytinqinin ilk pilləsində qərarlaşan cüdoçumuz 11 ildən sonra ölkəmizə qızıl medal qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət Heydərov Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Həlledici görüşdə hazırkı Asiya çempionu Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşan cüdoçumuz qələbə qazanaraq Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, sonuncu dəfə bu titula 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında Elxan Məmmədov sahib çıxmışdı.