"Vətənə medalla qayıtdığım üçün sevincliyəm”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında bürünc medal qazanan Həsrət Cəfərov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
O, üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib: "Təəssüf ki, qızıl medal qazana bilmədim. Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.
Güləşçilərin ümumi çıxışını dəyərləndirən idmançı pəhləvanlarımızın Oyunlara yaxşı başlamadığını vurğulayıb:
“Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı”.
Qeyd edək ki, Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarışlarda komandamıza bürünc medal qazandırıb.