Azərbaycan Kuboku: Bu gün finalçıların adına aydınlıq gələcək

Azərbaycan Kuboku: Bu gün finalçıların adına aydınlıq gələcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Təşkil olunacaq iki qarşılaşmadan sonra final mərhələsinin iştirakçılarının adlarına aydınlıq gələcək. 
Günün ilk oyunu saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” klubu öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu komandalar arasında ilk görüşdə Naxçıvan klubu 1:0 hesablı qələbə qazanıb. 
Axşam saatlarında isə digər finalçının adına aydınlıq gələcək. “Bank Respublika Arena”da “Sabah” klubu doğma azarkeşləri önündə “Neftçi”ni sınağa çəkəcək. Görüş saat 20:00-da start götürəcək. Bu cütdə də ilk qarşılaşmada paytaxt təmsilçisi “Sabah” 2:1 hesabı ilə üstün olmuşdu.
Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda təşkil olunacaq.