Rusiya Olimpiya Komitəsi Rio de-Janeyro Olimpiadasına hazırlıq üçün 222 milyon rubl vəsait ayırıb

Rusiya Olimpiya Komitəsi Rio de-Janeyro Olimpiadasına hazırlıq üçün 222 milyon rubl vəsait ayırıb


Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov rəhbərlik etdiyi qurum tərəfindən ölkənin yay idman növləri federasiyalarına Rio de-Janeyro-2016 Olimpiadasına hazırlıq üçün 222 milyon rubl dəyərində maliyyə yardımı göstərildiyini bildirib.
"Sport-ekspress” nəşrinin yazdığına görə, bu barədə məlumatı ROK prezidenti yay olimpiya idman növləri üzrə Ümumrusiya Assosasiyası üzvlərinin yığıncağında deyib.
"Rio de-Janeyro Yay Olimpiya Oyunlarına ayrılan vəsaitin ümumi dəyəri 222 milyon rubl təşkil edir. Komissiyadan keçən boks, voleybol, sərbəst güləş, atçılıq idmanı, üzgüçülük, atletika, qılıncoynatma federasiyaları üçün artıq 78 milyon rubl ayrılıb. Rusiya Olimpiya Komitəsi daxil olan ərizələri yerindəcə araşdırır və sifarişləri mümkün halda operativ şəkildə yerinə yetirməyə çalışır”, - deyə Aleksandr Jukov bildirib.
ROK prezidenti XXXII Yay Olimpiya Oyunlarının Rio de-Janeyrodan alınaraq başqa şəhərə - London və ya Moskvaya verilməsi barədə yayılan sözsöhbətə də aydınlıq gətirib: "Ümid edirik ki, Rio de-Janeyro olimpiadaya hazırlığı sürətləndirəcək və oyunların London və ya Moskvaya keçirilməsinə heç bir ehtiyac qalmayacaq. Bu, sadəcə, söz-söhbətdir və qeyri-mümkündür”.
Xatırladaq ki, Olimpiada-2016-nın keçirilə biləcəyi şəhərlər arasında Londonla bərabər, Moskvanın da adı hallanırdı.