Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80

Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80

Olimpiya dünyası

Bugün, 15:46

Tarix elə yazılıb ki, bəzi insanların ömür yolu bütöv bir xalqın qürur mənbəyinə çevrilir. Həyatını idmana, xüsusilə də yunan-Roman güləşinin inkişafına həsr etmiş, Azərbaycanın idman şərəfini beynəlxalq arenada ucaltmış məşhur pəhləvan, SSRİ çempionu və beynəlxalq dərəcəli idman ustası Firudin Qurbanov 80 illik yubileyini qeyd edir.

1946-cı il oktyabrın 24-də qədim Azərbaycan torpağı olan İrəvan şəhərində dünyaya göz açan Firudin Qurbanovun taleyi az sonra Bakı şəhəri ilə bağlanmışdır. Uşaqlıq və gənclik illəri Bakının Xəzər rayonunda keçən gələcək çempion buradakı 156 nömrəli tam orta məktəbi bitirmişdir. O dövrdə Bakının küçələri, məhəllələri gəncləri idmana səsləyir, hər oğul uşağının ürəyində bir pəhləvan olmaq arzusu yaşadırdı. Firudin də məhz bu mühitdə – Azərbaycanın zəngin güləş ənənələrindən ilhamlanaraq böyüdü.

Təhsilə verilən önəm onun gələcək peşəkar fəaliyyətinin təməlini qoydu. O, 1969–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda (indiki Azərbaycan İdman Akademiyası) bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnərək idman elminin sirlərini dərindən mənimsədi. İdmançı və pedaqoji fəaliyyəti birləşdirən bu təhsil onun gələcəkdə həm güclü güləşçi, həm də mahir məşqçi kimi yetişməsində əsas rol oynadı.

Firudin Qurbanovun idman karyerası parlaq qələbələrlə zəngindir. Yunan-roman güləşi üzrə SSRİ xalqlarının V yay spartakiadasının (1971) və ölkənin 43-cü çempionatının qızıl medallarını qazanan pəhləvanımız sovet idman tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Mənbələrdə onun 3 qat SSRİ çempionu (1971, 1972, 1974) olması və SSRİ-nin beynəlxalq dərəcəli idman ustası adına layiq görülməsi onun nə qədər sabit, dözümlü və yüksək texnikaya sahib idmançı olduğunu sübut edir.

O dövrün Ümumittifaq və beynəlxalq turnirləri əsl pəhləvanların sərt sınaq meydanı idi. Firudin Qurbanov dünyanın ən məşhur pəhləvanları ilə üz-üzə gəlmiş, gərgin və prinsipial idman mübarizələri aparmışdır:

Olimpiya çempionu, əməkdar idman ustası Jaksalıq Uşkempirov, beynəlxalq dərəcəli usta, Avropa çempionu Viktor Xatunov, dünya çempionları Viktor Zubkov və Vladimir Netsetayev, dəfələrlə ölkə çempionu olmuş Vasili Anikin, rumıniyalı tanınmış güləşçi K.Aleksandru, bolqarıstanlı rəqib P.Xristov və başqaları.

Azərbaycan pəhləvanı bu nəhənglərin hər biri ilə döşəkdə çarpışmış, onların qarşısında əyilməmiş, əksər hallarda güləş döşəyini qələbə ilə tərk edərək Azərbaycanın bayrağını və idman şərəfini uca tutmuşdur. Hərbçilərin dünya birinciliyinin gümüş mükafatçısı olması da onun həm hərbi, həm də fiziki hazırlığının ən yüksək səviyyədə olduğundan xəbər verir.

Xalçadakı parlaq qələbələrini məşqçi kimi davam etdirən Firudin Qurbanov təcrübəsini gənc nəslə ötürməkdən yorulmadı. 1990-1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi kimi fəaliyyət göstərən azərbaycanlı mütəxəssis Avropa məkanında məşqçilik məktəbimizin nüfuzunu artırdı. O, Azərbaycanın Əməkdar məşqçisi adını qazanaraq milli güləş məktəbimizin inkişafına əvəzsiz töhfələr verdi.

İdmanımızın inkişafında və təbliğində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə Firudin Eyyub oğlu Qurbanova "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilmişdir.

Bu gün də ictimai fəaliyyətdən kənarda qalmayan ağsaqqal idmançımız Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuş, hazırda isə Azərbaycan İdman Veteranları İctimai Birliyinin fəal üzvü kimi gənc nəslin tərbiyəsində, onlara vətənpərvərlik və idman sevgisinin aşılanmasında yaxından iştirak edir.

Ailə həyatında da xoşbəxt ata olan Firudin müəllim evlidir və dörd övladı var. 

80 yaş – bütöv bir ömrün, xalçaya qoyulan tər damcılarının, bayrağımızı dalğalandıran qürurlu anların zirvəsidir. Azərbaycan İdman Veteranları İctimai Birliyi, Azərbaycan idman ictimaiyyəti, gənc pəhləvanlar və bütün xalqımız adından Firudin Qurbanovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq!

Dilqəm Quliyev,

Azərbaycan İdman Veteranları

İctimai Birliyinin üzvü, 

“İdmançı” qəzetinin baş redaktoru

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR