Bugünlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Qiymətləndirmə Komissiyasının nümayəndələri Soçi şəhərində olublar. Bu, Qiymətləndirmə Komissiyasının yoxlama aparmaq üçün XXII Qış Olimpiya və Paralmpiya Oyunlarının paytaxtına nəzərdə tutduğu sonuncu səfərlərdən biridir. Qeyd edək ki, bu qış Soçidə 40-a qədər Olimpiya test yarışları təşkil edilib. Rusiya dövlət rəsmisi Dmitri Kozak deyib: "Biz Soçidə test yarışlarını 2011-ci ildən keçirməyə başlamışıq. Bunun nəticəsində biz hər yarışda yeni təcrübə əldə etmişik. Bu il kifayət qədər qarın olmaması işimizdə bəzi problemlər yaratsa da, müəyyən irəliləyişlərə nail olmuşuq”.
Olimpiya obyektlərində olan BOK-un Qiymətləndirmə Komissiyasının sədri Jan-Klod Killi Soçidə gedən Olimpiya oyunlarına hazırlıq işlərindən razı qaldığını bildirib: "Soçidə gedən test yarışlarında 5 min tamaşaçının iştirakı olimpiadaya daim artmaqda olan böyük maraqdan xəbər verir. Biz burada müsbət əhval-ruhiyyə və ruslara məxsus ruh yüksəkliyinin şahidi olduq. Bütün bunlar bizə əmin olmağa imkan verir ki, 2014-cü ildə keçiriləcək XXII Qış Olimpiya Oyunları uğurlu alınacaq”.