Xəzərdən başlayan su səyahəti bölgələri əhatə edir

Xəzərdən başlayan su səyahəti bölgələri əhatə edir
Aprelin 7-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.

Olimpnews.az saytının məlumatına görə, Muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.

Saat 12:00-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində "Su festivalı” keçirilib, konsert proqramı təşkil olunub.

* * *

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə Astarada "Yanar bulaq”dan start verilib.

Sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən "Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev "Yanar bulaq”da Azərbaycanın dəmirçilik ənənəsindən, İslam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış Bakı-2017-nin gözəl qablarını su ilə doldurub Astara şəhərindəki park-bulvar kompleksində keçiriləcək "su festivalı”na yola düşüblər.

Həmin gün Astara Olimpiya İdman Kompleksində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək gənc idmançılara qələbə sevinci arzulayıblar.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Aprelin 9-da, axşam saatlarında Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində "su festivalı” keçirilib.

Əvvəlcə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı qeyd edib ki, bu il mayın 12-dən 22-dək Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Mötəbər idman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Eyni zamanda, möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. IV İslam Həmrəyliyi Oyunlarının "Xəzərdən başlayan su səyahəti”nə Bakıda start verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. Su səyahəti zamanı 3 min kilometrdən çox məsafə qət ediləcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə idmançıları salamlayacaqlar.

Festivalda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Astara mərhələsindən bəhs edən videoçarxlar nümayiş etdirilib, Xəzər dənizindən götürülmüş suyun Astara şəhərinədək keçdiyi səyahət yoluna nəzər salınıb.

Sonra su səhəngini daşıyan astaralı idmançılar - sərbəst güləş üzrə dünya və Avropa çempionatının bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən "Qızıl Qran-pri” beynəlxalq turnirinin qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar Məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Mirrahil Ağayev alqış sədaları altında səhnəyə dəvət olunublar.

Tədbirdə, həmçinin aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Astara sakinlərinə təhvil verməsi görüntüləri də nümayiş etdirilib.

"Su festivalı” möhtəşəm lazer şousu və atəşfəşanlıqla başa çatıb.

"Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Şirvan şəhəri olacaq.

Xatırladaq ki, "Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından götürdükləri Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən Bakıya gələn idmançıları salamlayacaq.