İsveçrə hökuməti ölkə parlamentindən Olimpiada-2026-ya ev sahibliyi etmək uğrunda mübarizədə iştirak etmək üçün büdcədən 994 milyon frank (1 milyard dollar) ayırmağı xahiş edib. Olimpiada uğrunda Sion şəhəri mübarizə aparacaq. Sion Beynəlxalq Olimpiya Komitəsinə namizədlik ərizəsini hələ təqdim etməyib. Bunun üçün əvvəlcə Uollis kantonu əhalisinin rəyini öyrənmək məqsədilə referendum keçirilməlidir.
Məlumat üçün bildirək ki, Siondan başqa Olimpiada-2026-ya Kalqari (Kanada), Qrats (Avstriya), Stokholm (İsveç), Ərzurum (Türkiyə), Sapporo (Yaponiya) və İtaliyanı Kortina -d’ Ampetso, Milan və Turin şəhərləri də iddialıdır.
2026-cı ildə keçiriləcək qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı 2019-cu ilin sentyabr ayında açıqlanacaq. Növbəti, XXIV Qış Olimpiadası isə 2022-ci ildə Pekində keçiriləcək.