AVRO-2020-nin açılış mərasimi keçirildi

AVRO-2020-nin açılış mərasimi keçirildi

Bu gün İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda futbol üzrə 16-cı Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimi Avropa çempionatının 60 illik tarixini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Sonra İtaliya paytaxtının təmsilçiləri “Latsio” və “Roma” klublarının canlı əfsanələri Alessandro Nesta və Françesko Totti arenadakı 16 min azarkeşi və tərəfdarları salamlayıblar.

Daha sonra İtaliya Dövlət Polis Qrupu “Gugliemo Tell” adlı mahnını səsləndirib. Tarixi Risorcimento (İtaliyanın birləşdirilməsi) dövrünə aid formalarla arenaya daxil olan altı cəngavər və nəhəng helium şarlarla şou göstərən 12 atlet tamaşaçılara xoş anlar bəxş ediblər.

Çempionatda mübarizə aparan 24 komandanın şərəfinə səhnəyə sülhü, rəqabət ruhunu və idmanın gözəlliyini təmsil edən 24 atlet çıxıb.

İtaliyalı məşhur tenor Andrea Boçellinin dünya şöhrətli “Nessun Dorma” ariyasını ifa etməyə başlaması ilə eyni anda arenadan havaya buraxılan 24 şar Avro-2020-nin ruhunu təmsil etmək üçün birləşərək səmaya yüksəlib. Balonlar havaya qalxarkan pirotexniki effeklər mərasimə xüsusi rəng qatıb.

Ariyanın sədaları altında Türkiyə və İtaliya milli komandalarının futbolçuları stadiona daxil olublar.

Nəhayət, niderlandlı Martin Qarriks, İrlandiyanın “U2 Bono and The Edge” rok qrupu Avro-2020-nin rəsmi “Biz xalqıq” (We are the People) mahnısını ifa ediblər.

Təntənəli mərasimdən sonra çempionatın açılış matçına – Türkiyə - İtaliya oyununa start verilib. A qrupunda yer alan bu komandaların qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edir.

Qeyd edək ki, iyulun 11-dək davam edəcək çempionatda 24 komanda 6 qrupda mübarizə aparır.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro-2020”nin oyunlarına Roma ilə yanaşı, Bakı, Sankt-Peterburq, London, Münxen, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo və Budapeşt şəhərləri ev sahibliyi edir.