Yaşar Bəşirov: «Biz Olimpiya Oyunlarında medal qazanacağıq»

Yaşar Bəşirov: «Biz Olimpiya Oyunlarında medal qazanacağıq»

«Olimpiya Oyunları ən böyük idman bayramıdır. Bu nəhəng idman tədbirində çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq. Uğurlarımız ildən-ilə artır. Bildiyiniz kimi Avropa Oyunlarında komandamız böyük uğura nail oldu. İslam Həmrəyliyi Oyunlarında da biz eyni nəticəni təkrarladıq. İştirak etdiyimiz istənilən idman yarışında əsas rəqiblərdən sayılırıq. Komandamızın heyətində güclü idmançılar yer alıb. Siz bilirsiniz ki, yığmamızın üzvü olan Rafael Ağayev dünyada «karatenin brilyantı» sayılır. Qadınlardan ibarət komandamızın üzvü İrina Zaretska ən güclü karateçilər sırasında yer alıb. Bir müddət əvvəl pandemiyadan sonra iştirak etdiyimiz ilk nüfuzlu yarışda İrina 10 ən güclü rəqibi arasında yenə liderliyi əldən vermədi. O, medal kolleksiyasına qitə çempionatının qızıl medalını əlavə etdi».

Bu sözləri bu gün Milli Olimpiya Komitəsində Tokio-2020-yə vəsiqə qazanan idmançılarla görüşdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. Federasiya rəhbəri mətbuat üçün təşkil edilmiş tədbirdə bildirib ki, karateçilər Tokio Olimpiadasından vətənə əliboş qayıtmayacaqlar. «Bu gün biz fəxrlə deyə bilərik ki, Tokio Olimpiadasına üç lizenziya əldə etmişik. Federasiya rəhbəri kimi sizi əmin edə bilərəm ki, biz Olimpiya Oyunlarında medal qazanacağıq. Lakin medalın əyarı barəsində əvvəlcədən heçnə deyə bilmərəm. Rusiya 1, Fransa və ABŞ kimi güclü komandalar 2 lisenziya qazanıbsa, bizdə bu say 3-dür. Deməli, Azərbaycan mütləq Olimpiadada karate yarışlarında medala yiyələnəcək», - deyə Yaşar Bəşirov bildirib.