Pəhləvanlarımız Türkiyədə 10 medala sahib çıxdılar

Pəhləvanlarımız Türkiyədə 10 medala sahib çıxdılar

Aprelin 5-də Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. “12 fevral” adlanan yarışda Türkiyə, Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər mübarizə aparıblar. Milli komandamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Kahramanmaraşda xalçaya çıxan 14 güləşçidən 10-u fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medal əldə ediblər. Yekunda 1 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci yeri tutub.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.