Zemfira Meftaxetdinova: “İdmançılarımızın uğurlarına görə çox sevinirik” - MÜSAHİBƏ

Zemfira Meftaxetdinova: “İdmançılarımızın uğurlarına görə çox sevinirik” - MÜSAHİBƏ

Polşada keçirilən III Avropa Oyunları davam edir. Artıq Oyunlar çərçivəsində təşkil olunan atıcılıq üzrə bir sıra yarışlara da start verilib. Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova da komandamızla birgə həmin yarışları izləyələr arasındadır. Zemfira xanımla əlaqə saxlayaraq, Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı çıxışı barədə məlumat öyrəndik.

- Zemfira xanım, hazırda Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti kimi Polşada idmançılarımızın yanındasınız. İstərdik ki, komandamızın III Avropa Oyunlarındakı nəticələri ilə bağlı təəssüratlarınızı bildirəsiniz.

- İdmançılarımız Polşanın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edirlər. Sevindirici haldır ki, komandamızın üzvləri artıq müxtəlif idman növləri üzrə yarışlarda uğurla çıxış edərək, mükafatçılar sırasında yer alıblar. Təmsilçilərimiz karate yarışlarında iki qızıl, bir bürünc, taekvondoda isə bir gümüş və bir bürünc medal əldə ediblər. Bu, Azərbaycan idmanının uğurudur. Hər birimiz idmançılarımızın uğurlarına görə çox sevinirik. Qarşıda hələ bir neçə idman növü üzrə yarışlarımız var. İdmançılarımız mübarizəyə hazırdırlar və fəxri kürsüdə yer almaq üçün əllərindən gələni edəcəklər. İnanıram ki, karate və taekvondoda olduğu kimi, digər idman növlərində çıxış edəcək atletlərimiz də uğurlu çıxışları ilə komandamızın aktivinə medallar yazdıracaqlar.

- İstərdik ki, bir qədər də III Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışları barədə danışasınız. Bu oyunlar gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək.

- III Avropa Oyunlarının atıcılıq yarışları Polşanın Vrotslav şəhərində keçirilir. Qeyd edim ki, Vrotslavla Krakov arasında təxminən 4 saatlıq məsafə var. Burada yalnız atıcılıq yarışları təşkil olunur. Bəli qeyd etdiyiniz kimi, III Avropa Oyunlarının atıcılıq yarışları Paris-2024-ə lisenziya xarakteri daşıyır. Buna görə də qitənin ən güclü idmançıları bu yarışda medallar uğrunda mübarizə aparırlar. Bu isə yarışın nə dərəcədə gərgin keçdiyindən xəbər verir.

- Komandamızın üzvləri də artıq atıcılıq yarışlarında bir neçə növdə mübarizə aparıblar. Bu gün isə qızınız Recina Meftahəddinova skit növündə iştirak edib. Atıcılıq Federasiyasının vitse-prezidenti kimi idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?

- Atıcılıq üzrə yarışlar hələ ki, davam edir. İdmançılarımız da bu bir neçə gün ərzində yarışlarda mübarizə aparıblar. Artıq güllə atıcılığı üzrə bir neçə növdə yarışlar yekunlaşıb. Qarşıda isə hələ daha bir neçə növ üzrə yarışlar davam edəcək. Stend atıcılığı üzrə qızlarımız isə bu gün mübarizəyə başladılar. Onlar təsnifat yarışlarında iştirak etdilər. Sabah datəsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. Sonra isə qızlarımız komanda yarışında iştirak edəcəklər. Bunun üçün də nəticədən danışmaq hələ tezdir. Əsas odur ki, şanslarımız var.

- Zemfira xanım, istərdik ki, bir qədər də yarışın təşkilatçılıq səviyyəsindən danışasınız.

- Təşkilatçılıq yüksək səviyyədədir. İdmançılar üçün hər bir şərait yaradılıb. Xüsusən də nəqliyyat infarstukturunu qeyd edə bilərəm. Hələki heç bir problem yoxdur. Ümid edirəm ki, hər şey yüksək səviyyədə də davam edəcək.

Azər Əlizadə