6 federasiya AKF ilə müqavilə imzalayıb

6 federasiya AKF ilə müqavilə imzalayıb

Azərbaycan Karate Federasiyası (AKF) ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda təşkil olunan tədbirdə əvvəlcə federasiya prezidenti Ülvi Quliyev çıxış edərək bir sıra məsələlərin həlli üçün toplaşdıqlarını bildirib: “Azərbaycan Karate Federasiyası Gənclər və İdman Nazirliyi ilə müqavilə imzalayıb. Buna uyğun olaraq da digər federasiyalar AKF ilə saziş bağlamalıdırlar. Bunlar Gənclər və İdman Nazirliyinin reqlamentinə uyğundur”.

Ü.Quliyev çıxışında qanunsuz fəaliyyət göstərən federasiyalara hər zaman çağırış etdiklərini söyləyib: “Qanunsuz fəaliyyət göstərən federasiyalara hər zaman çağırış edirik. Ayrılıqda fəaliyyət göstərənlər barəsində intizam tədbirləri görülməlidir.
Quruma üzv olmayan federasiyaların kəmər sertifikatları və diplomları tanınmayacaq. Bütün qurumlar yalnız bizimlə birləşən federasiyaların diplomlarını tanıyacaqlar. Digərlərinin sənədləri isə qanunauyğun sayılmayacaq”.
Federasiya prezidenti bildirib ki, Gənclər və İdman Nazirliyi hər idman növündən bir qurumu tanıyır ki, karatedən də bu, Azərbaycan Karate Federasiyasıdır: “Karatenin müxtəlif növləri var. Bu gün 6 federasiya ilə müqavilə imzalanma mərasimi keçirildi. Digər federasiyalar və klublar üçün də hazırıq. Sadəcə, təlimata uyğun olaraq müraciətlərə baxılıb qərar verilir. Karate ilə məşğul olan klub və federasiyaların bizə qoşulmaq imkanları var. Onların bu istəyini məhdudlaşdıra bilmərik. Amma bəzilərinin başqa maraqları var. Biz idman siyasətində fəal iştirak edirik. Burada iştirak edən federasiya idmançılarının da böyük uğurları var”.
Ü.Quliyev əlavə edib ki, məqsəd Azərbaycanda karateni sevən gəncləri birləşdirməkdir: “Onlara yaxşı vərdişləri aşılamaq istəyirik. Eyni zamanda, daxili yarışların keçirilməsi və ölkə xaricində Azərbaycanı uğurla təmsil etmək önəmlidir. 44 günlük Vətən Müharibəsində qazi və şəhid olanlar arasında idmançılar da var idi. Ali Baş Komandanımızın çağırışı ilə onlar döyüşlərdə iştirak etdilər”.
O, AKF-nin nəzdində fəaliyyət göstərən federasiyaların beynəlxalq qurumlarla işbirliyinə maneə törədilməyəcəyini də deyib: “Federasiyaların beynəlxalq qurumlarla işbirliyini dəstəkləyirik. Onlara hər cür kömək etməyə hazırıq. Nazirlik karate federasiyalarını AKF-nin tərkibində tanıyır. Azərbaycan Karate Federasiyası gələcəkdə Dünya Karate Federasiyasının üzvü ola bilər. Amma yenə də struktur dəyişməyəcək. Qurumların bir federasiya ətrafında birləşməsini qadağan edən heç bir qanun yoxdur”.
Ülvi Quliyev AKF-nin strukturunun mövcud olduğunu bildirib. Hər hansı bir məsələni federasiya prezidenti, 4 vitse-prezident, digər federasiyaların rəhbərləri və İdarə Heyətinin üzvləri birlikdə müzakirə edərək, qərar verəcəklər.

Tədbirdə bildirilib ki, AKF-in nəzdində fəaliyyət göstərəcək federasiyalar yarışlar keçirməzdən bir ay öncədən onları məlumatlandırmalıdırlar.

Daha sonra 6 federasiya rəhbərliyi (Milli Karate Federasiyası, Fullkontakt Kyokşin Federasiyası, Kosiki Karate Federasiyası, Ənənəvi Karate Federasiyası, Şotokan Karate Federasiyası, Aşihara Karate Federasiyası) Azərbaycan Karate Federasiyası ilə müqavilə imzalayıb.