“Judo Club 2012”nin karateçiləri Fuceyradan 5 medalla qayıdıblar

“Judo Club 2012”nin karateçiləri Fuceyradan 5 medalla qayıdıblar

“Judo Club 2012”nin karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar.


Karatenin WKF növləri üzrə keçirilən I açıq çempionatda klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən 16-17 yaş qrupunda Səbinə Fərzəliyeva (-59 kq) və İsmayıl Ələsli (-61 kq), kişilər arasında isə Rəsul Abbasov (-67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında -75 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Babayev isə finalda məğlub olaraq gümüş medala sahib çıxıb.


Klubun aktivinə növbəti gümüş medalı isə 8 yaş qrupunda -30 kq çəki dərəcəsində çıxış edən Abdul Pirverdiyev yazdırıb.

 
“Judo Club 2012”nin digər yetirmələrindən 10-11 yaş qrupunda çıxış edən Cavad Cəfərov (-30 kq), İlyas Orucəliyev (-35 kq), 14 yaş qrupunda Nicat Bilalov (-40 kq) və Yusif Məmmədzadə (-50 kq), üçüncü yer uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləniblər.


Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə keçirilən beynəlxalq turnirdə 22 ölkəni təmsil edən karateçilər iştirak ediblər.