Daha 3 boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı 

Daha 3 boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı 

Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında növbəti mərhələyə adlayıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yarışın üçüncü günündə Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb.

O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də baş tutacaq.

Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevi (Ukrayna) sınağa çəkəcək.

Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.

Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.