İyunun 27-də velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına start verilib. Yarışın ilk günü velosipedçilər Samux rayonunda mübarizə aparıblar. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı çıxış edib.
Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku”nun 4 üzvünün, müvafiq olaraq Elit və U-23 milli komandalarının şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı daha da artırıb. Yeri gəlmişkən, "Synergy Baku”nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyib.
Yarışın proqramına əsasən, iyunun 27-də Elit, U-23 və gənclər 30 km, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Nəticələrə gəlincə, Elit və U-23 yaş qrupunda gözlənildiyi kimi, ilk 3 yeri "Synergy Baku” komandasının üzvləri tutublar. 30 km məsafəni 40 dəqiqə 2 saniyəyə başa vuraraq, Azərbaycan çempionu adını qazanan Elçin Əsədov Samir Cəbrayılov (41 dəqiqə 45 saniyə) və Tural İsgəndərovu (42 dəqiqə 2 saniyə) geridə qoyub.
Gənclərin mübarizəsində isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Nicat Qarayev ən yaxşı nəticə göstərib - 47 dəqiqə 4 saniyə. 2-ci yeri 48 dəqiqə 27 saniyə göstərici ilə Elmar İlyasov (Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi), 3-cü yeri isə məsafəni 48 dəqiqə 51 saniyəyə qət edən Nəbi Rəhimov (Sumqayıt Velosiped İdmanı Klubu) tutub.
17 yaşınadək velosipedçilərin mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbinin 2 üzvü ilk üçlükdə qərarlaşıb. Mikayıl Səfərli (22 dəqiqə 52 saniyə) 1-ci, Maksim Napyorstkov isə (23 dəqiqə 42 saniyə) 3-cü olub. 2-ci yerə "Lokomotiv” klubunun təmsilçisi Kərim Şirəliyev (23 dəqiqə 13 saniyə) layiq görülüb.
İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər arasında Samuxda 70 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşib. Kifayət qədər gərgin mübarizə şəraitində keçən yürüş zamanı pelotonda olan idmançılardan heç biri aşkar üstünlüyə malik olmayıb. Finişə az qalmış isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Mikayıl Səfərli öz sprinter bacarığını nümayiş etdirərək irəli atılıb və 2 saat 3 dəqiqə 10 saniyə göstərici ilə Azərbaycan çempionu adını qazanıb. Onun komanda yoldaşı Maksim Napyerstkov 2 saniyə geri qalmaqla 2-ci olub. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçisi Bakir Dadaşov isə çempiona 3 saniyə uduzaraq 3-cü yeri tutub. Qaliblər Samux rayonunda Heydər Əliyev Mərkəzinin yerləşdiyi parkda təltif ediliblər. İyunun 29-da, ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş ediblər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.
Yürüşə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündən start verən velosipedçilər Göy-Göl rayonundan keçməklə Daşkəsənə doğru istiqamətləniblər.
Startdan dərhal sonra əsas mübarizənin pelotondan xeyli aralanan "Synergy Baku” komandasının üzvləri Elçin Əsədov, Tural İsgəndərov və Samir Cəbrayılov arasında gedəcəyi müəyyənləşib. İlk 20 km-dən sonra Tural İsgəndərov əsas rəqibləri ilə təxminən 2 dəqiqəlik fərq yaratsa da, sonradan Elçin Əsədov önə keçib. Marşrutun Daşkəsən ərazisində yerləşən dağ yollarında isə Elçin xeyli irəli gedərək rayon mərkəzində, dəniz səviyyəsindən 1525 metr hündürlükdə yerləşən finiş xəttini hamıdan öndə keçib - 3 saat, 27 dəqiqə, 35 saniyə. Tural İsgəndərov çempiona 30 saniyə uduzmaqla gümüş medala yiyələnib. İlk üçlüyü Samir Cəbrayılov tamamlayıb - 3 saat, 30 dəqiqə, 33 saniyə.
"Qalib gəlməyimdə Tural İsgəndərovun böyük köməyi oldu. Biz uzun müddətdir ki bir komandada çıxış edirik və bir-birimizi yaxşı başa düşürük” - deyən Azərbaycan çempionu Elçin Əsədov hər şeyin düşünülmüş taktika əsasında həyata keçdiyini vurğulayıb. O, Azərbaycan çempionu titulunun özü üçün böyük stimul olduğunu xüsusi qeyd edib.
Gənclər arasında isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri Kənan Qəhrəmanlı, Nicat Qarayev və Elmar İlyasov ilk 3 pilləni bölüşüblər.
Təltifetmə mərasimindən öncə Daşkəsən rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, həmçinin idmançı və məşqçilər ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək ulu öndərin xatirəsinə olan ehtiramlarını bildiriblər.
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediliblər.