Azərbaycan nümayəndə heyəti MOKA-nın 20-ci Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti MOKA-nın 20-ci Baş Assambleyasında iştirak edəcək


Oktyabrın 26-31-də ABŞ-ın Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (MOKA) 20-ci Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcəklər.
Tədbir çərçivəsində MOKA-nın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyasının və adıçəkilən təşkilatın 68-ci İcraiyyə Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyada qitə assosiyasiyaları olan Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiyasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzə çıxışları dinləniləcək.
Tədbirdə Rio-de-Janeyro, Tokio-2020 Yay Olimpiya Oyunları və Pxençxan-2018 Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Bundan başqa, Yeniyetmələrin Buenos-Ayres-2018 Yay Olimpiya, Lillihamer-2016 Qış Olimpiya Oyunları barədə də müzakirələr olacaq.
Xatırladaq ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyasınn növbəti, 21-ci Baş Assambleyası XXXI Yay Olimpiya Oyunlarının paytaxtı Rio-de-Janeyro şəhərində təşkil ediləcək.

Hörmətlə,
MOK-un mətbuat xidməti