27 Sentyabr – Anım Günü ilə əlaqədar bu gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və MOK-un kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
MOK-un kollektivi xatirə daşının önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Düz dörd il əvvəl şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın başçılığı altında öz əzəli torpaqları uğrunda mübarizəyə başlamış və 44 gün ərzində dünyaya öz gücünü göstərərək, zəfər qazanmışdır. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Bu qələbəni bizə yaşadan Şəhidlərimizin ruhları qarşısında baş əyirik! Şəhidlərimizi ehtiramla anırıq! Qarabağ Azərbaycandır!