Oktyabrın 29-da "Park İnn Baku” hotelində "İlk Avropa Oyunları Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusunda Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı işə başlayıb. Konfransın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios, professorlar Manfred Lammer (Almaniya) və Vladimir Platonov (Ukrayna), idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Ağacan Abiyev qeyd etdi ki, tədbirin təşkilində məqsəd Olimpiya Hərəkatını təbliğ etmək, Olimpiya fəlsəfəsi və ideologiyasını dövlətlər və insanlar arasında yaymaq, beynəlxalq əlaqələri möhkəmləndirməkdır. Ağacan Abiyev Azərbaycan Milli Olimpiya Akademiyası və Benəlxalq Olimpiya Akademiyası ilə birgə təşkil olunduğunu dedi. O, ilk analoji konfransa Almaniyanın ev sahibliyi etdiyini diqqətə çatdırdı. Ağacan müəllim ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyini, respublikamızda bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini bildirdi. MOK-un baş katibi idmanın və bədən tərbiyəsinin gənclərin sağlam ruhda böyüməsində, onların fiziki və mənəvi tərbiyəsində rolundan danışdı. Natiq ölkəmizin tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, bu Oyunların təşkilinin dünya idmanı və Olimpiya Hərəkatının inkişafında xüsusi rola malik olduğunu vurğuladı. "Olimpiya Akademiyasının üzvləri bir ailədir. Akademiyanın gəncləri idmanla yanaşı, Olimpiya Hərəkatının inkişafında da fəal iştirak edirilər. Olimpiya hərəkatı özündə həmçinin elmi, mədəniyyəti birləşdirir”, - deyə rektor əlavə etdi.
Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycanın Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizin dünya Olimpiya Hərəkatında mühüm rol oynadığını diqqətə çatdırdı. Nazir müavini bildirdi ki, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilir. Gənclərin asudə vaxtının səmərəli təşkili və onların idmana cəlb olunması üçün mühüm layihələr həyata keçirilir. Təkcə paytaxtda deyil, regionlarda da beynəlxalq standartlara cavab verən Olimpiya İdman kompleksləri gənclərin istifadəsinə verilib. Bütün bunlar ölkəmizdə idmanın kütləviliyinin artırılmasına mühüm töhfə verir.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqları nailiyyətlərdən danışan İ.İsmayılov respublikamızın mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. İsmayıl müəllim qeyd etdi ki, cari ilin iyununda təkcə Avropanın deyil, bütün dünyanın diqqəti paytaxt Bakıya yönəlmişdi. Altı mindən artıq atlet birinci Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparırdı. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrıldılar.
Ölkəmizə yeddinci dəfə səfər etdiyini vurğulayan Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios yüksək qonaqpərvərliyə, tədbirin mükəmməl təşkilatçılığına görə təşəkkürünü bildirdi. O vurğuladı ki, konfransın keçirilməsində əsas məqsəd Olimpiya ideyalarını təbliğ etmək, Olimpiya Hərəkatının dünyaya sülh və əmin-amanlıq gətirdiyini diqqətə çatdırmaqdır.
Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri konsert proqramı ilə çıxış etdilər. Konfransda "Müasir dünyada Olimpiya idmanı”, "Şagirdlərin Olimpiya təhsili idmanla məşğul olmaq üçün mühüm motivasiyadır”, "Azərbaycan və Beynəlxalq Olimpiya Akademiyası arasında əlaqələrin möhkəmləndirilməsi” mövzularında müzakirələr aparıldı. Ümumilikdə 20-yə yaxın ölkənin, o cümlədən Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya idman akademiyalarının rektor, direktor və professorlarının iştirak etdikləri konfrans üç gün davam edəcək.
Konfransla bağlı ölkəmizə səfər edən bir sıra xarici ölkələrin nümayəndələri tədbirlə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdülər.
"Uğurlarımızda Olimpiya
Akademiyası da böyük rol oynayıb”
Arturas Povillunas, Litva Olimpiya Akademiyasının prezidenti:
- 23 il Litva Olimpiya Komitəsinin prezidenti vəzifəsində işləmişəm. Hazırda Vilnüs Universitetinin müəllimiyəm. Uzun illər uşaq-gənclər idman məktəbinə rəhbərlik etmişəm. Litvanın basketbol üzrə tələbələrdən və gənclərdən ibarət yığma komandasının baş məşqçisi kimi də çalışmışam. Litvada idman sahəsi uğurla inkişaf edir. 1992-ci ildə müstəqil ölkə kimi Barselona Olimpiadasında 1 qızıl 1 bürünc medal qazanmışıq. London-2012-də isə 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) medal əldə etdik. Uğurlarımızda Olimpiya Akademiyasının uğurlu fəaliyyəti böyük rol oynayıb. Burada toplaşmağımızda məqsəd məhz Olimpiya Akademiyalarının təcrübəsini paylaşmaqdır. Mənim çıxışım Avropa Oyunları ilə bağlı olacaq. Qeyd edim ki, Bakı-2015 Avropa Oyunları zamanı Koordinasiya Komissiyasının üzvü idim. Azərbaycana 8-ci dəfədir gəlirəm. Konfransda "İlk Avropa Oyunları-Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusunda çıxış edəcəyəm. Düşünürəm ki, bundan sonrakı Avropa Oyunlarına hazırlıq dövründə biz təkcə Olimpiya deyil, qeyri-Olimpiya növləri üzrə də mütəxəssislərin ixtisaslaşmalarına şərait yaratmalıyıq.
"I Avropa Oyunlarının təşkilindən sonra belə bir konransın keçirilməsi vacib əhəmiyyət daşıyır”
Mariya Bulatova, Ukrayna Olimpiya Akademiyasının prezidenti, Ukrayna Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Beynəlxalq Olimpiya Komitəsinin mədəniyyət və mədəni irsin qorunması komissiyasının üzvü:
- Konfrans çox gözəl təşkil olunub. Tədbirin açılış mərasimi maraqlı oldu. Burada istedadlı gənclər öz bacarıqlarını nümayiş etdirdilər. Çoxlu sayda ölkə nümayəndələrinin iştirakı da diqqəti cəlb edir. I Avropa Oyunlarının təşkilindən sonra belə bir konfransın keçirilməsi vacib əhəmiyyət daşıyır. Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə ev sahbiliyi etdi. Düzü, hər hansı Avropa ölkəsinin növbəti Avropa Oyunlarını belə yüksək səviyyədə təşkil edəcəyinə inanmıram. Olimpiya Akademiyalarının rəhbər və üzvlərinin məhz Azərbaycanda toplaşması sevindirici haldır. Biz burada növbəti Avropa Oyunları üçün konsepsiya işləyib hazırlayacağıq. Yarışlarda Olimpiya təhsil proqramlarının tətbiqi də xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq konsepsiya əsasında işlənmiş proqram digər ölkələr üçün də faydalı ola bilər. Mən konfransdakı çıxışımda həmkarlarıma Ukraynada Olimpiya təhsili ilə bağlı məlumat verəcəyəm. Ukrayna Olimpiya Akademiyasının Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Akademiyasından aldığı mükafatlar 25 il ərzindəki uğurlu fəaliyyətimizdən xəbər verir. Olimpiya Akademiyasında Olimpiya təhsili ilə bağlı kitablar nəşr edirik. Bu kitablar 22 000 tirajla çap olunaraq orta məktəblərə və ali təhsil ocaqlarına paylanır.
"Azərbaycanın Avropa
Oyunlarındakı təşkilatçılıq təcrübəsi digər ölkələrə örnək olmalıdır”
Qamze Ülker, Türkiyə Gedik Universitetinin nümayəndəsi:- Sakarya Universitetinin idman və bədən tərbiyəsi fakültəsinin məzunuyam. Uzun illər voleybolla məşğul olmuşam. Hazırda Türkiyə Gedik Universitetində doktorluq üzrə təhsil alır və həmin universitetdə çalışıram. Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən konfransda iştirak üçün dəvət olundum. Qeyd edim ki, Türkiyədə Olimpiya Hərəkatı və Təhsilinin inkişafı üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. İdmanın və Olimpiya Hərəkatının inkişafı, mədəniyyətlərarası mübadilə baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirirəm. Konfransın təşkili, eyni zamanda, Azərbaycanda ilk dəfə təşkil olunan birinci Avropa Oyunları ilə bağlıdır. Azərbaycanın Avropa Oyunlarındakı təşkilatçılıq təcrübəsi digər ölkələrə örnək olmalıdır. Bu oyunlar bir sıra ölkələri heyran qoydu. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Azərbaycana ilk səfərimdir. Azərbaycana səfərimdən məmnunam. Burada məni yüksək qonaqpərvərliklə qarşıladılar.