Milli Olimpiya Komitəsində Sadıq Sadıqovun 50 illik yubileyi qeyd olundu

Milli Olimpiya Komitəsində Sadıq Sadıqovun 50 illik yubileyi qeyd olundu

Noyabrın 17-də Milli Olimpiya Komitəsində MOK-un İcraiyyə Komitəsinin üzvü, "Neftçi İdman Klubu” İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, idmançılar, idman mütəxəssisləri, Olimpiya çempionları və mətbuat nümayəndələri iştirak edirdilər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək, Sadıq Sadıqovun ölkəmizdə Olimpiya Hərəkatının və ümumilikdə idmanın inkişafında xidmətlərindən danışdı. "Bilirsiniz ki, bu gün Sadıq Sadıqovun 50 yaşı tamam olur. O, Azərbaycan idmanının inkişafında xüsusi rola malikdir. Sadıq müəllimin rəhbərlik etdiyi "Neftçi İdman Klubu” İctimai Birliyi hər zaman idmanın inkişafına böyük dəstək verib. Burada Olimpiya, dünya, Avropa çempionları yetişib. Qeyd etmək lazımdır ki, Azərbaycan idmanında uğur qazanan atletlərin böyük əksəriyyəti məhz "Neftçi İdman Klubu” İctimai Birliyinin yetirməsidir. Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi də uğurla fəaliyyət göstərir. Mən yubilyarı təbrik edir, ona uğurlar arzulayıram. Əminəm ki, Sadıq Sadıqov ölkə idmanının inkişafı üçün bundan sonra da əzmlə çalışacaq. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olan Sadıq müəllimə Milli Olimpiya Komitəsi adından xüsusi hədiyyə təqdim edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - deyə Çingiz Hüseynzadə bildirdi.
MOK-un vitse-prezidenti Xəzər İsayev də çıxışında yubilyara arzularını çatdırdı, onun fəaliyyətini yüksək qiymətləndirdi. Xəzər İsayev yubilyarın Azərbaycanın idman ictimaiyyəti arasında bacarığı və işgüzarlığı ilə seçildiyini vurğuladı. "Sadıq Sadıqov idman ictimaiyyətində xüsusi hörmətə malikdir. O, bütün insanlarla ünsiyyət qurmağı bacarır. Sadıq müəllimin ölkə olimpiyaçılarının və paralimpiyaçılarının əldə etdikləri uğurlarda zəhməti çoxdur. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançıların əksəriyyəti məhz yubilyarın rəhbərlik etdiyi "Neftçi İdman Klubu” İctimai Birliyinin üzvləridir. Sadıq müəllim bu uğurlara bacarığı sayəsində nail olub. Mən öz adımdan və Dövlət Gömrük Komitəsinin "Gömrükçü” klubunun üzvləri adından Sadıq müəllimi ürəkdən təbrik edir, ona ən xoş arzularımı bildirirəm”, - deyə Xəzər İsayev əlavə etdi.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov güləşçilər adından Sadıq Sadıqovu təbrik edərək dedi: "Sadıq müəllim uzun müddətdir ki, "Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbəridir. Bu illər ərzində bu klubda dünya, Avropa və Olimpiya çempionları yetişib. Məlum məsələdir ki, idman klubları, idman cəmiyyətləri idmanın inkişafında xüsusi rol oynayır. Yerlərdə düzgün qurulan işlər uğurlu nəticələrə aparır. "Neftçi İdman Klubu” İctimai Birliyi də öz işini düzgün qurub. Məhz buna görədir ki, buradan adlı-sanlı idmançılar çıxıb. Sadıq müəllimin gördüyü işlər göz qabağındadır. Biz sizə uğurlar arzulayırıq. Əminəm ki, Azərbaycan idmanının inkişafı üçün gördüyünüz işlər bundan sonra da davam edəcək. "Neftçi”də yetişən idmançılar Azərbaycan yığma komandalarının heyətində bir sıra yarışlarda yüksək yerlər tutur, ölkəmizin bayrağını ucaldırlar. Bu zalda əyləşən idmançılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələrinin hər biri idmanın inkişafı üçün əlindən gələni əsirgəmir. Bu sahədə fərqlənən insanlara göstərilən dövlət qayğısı digərlərini də ruhlandırır. Milli Olimpiya Komitəsi bu gün Sadıq müəllimin 50 illik yubileyini yüksək şəkildə qeyd edir. Bu, idman ictimaiyyətinin ürəyincədir. Biz inanırıq ki, Sadıq Sadıqov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi də əlindən gələni əsirgəməyəcək”.
Olimpiya kateqoriyalı hakim Hicran Şərifov da Sadıq Sadıqov barədə ürək sözlərini bildirdi: "Sadıq müəllim digər cəmiyyət rəhbərlərindən öz işinə görə fərqlənir. O, məşqçilərin, idmançıların yaxın dostudur. Sadıq müəllimin rəhbərlik etdiyi "Neftçi İdman Klubu” İctimai Birliyində nüfuzlu idmançılar, təcrübəli məşqçilər yetərincədir. Bu, Sadıq Sadıqovun öz işini peşəkar səviyyədə yerinə yetirməsindən irəli gəlir. "Neftçi İdman Klubu” İctimai Birliyində, demək olar ki, bütün idman növləri üzrə yüksək səviyyəli idmançılar yetişib. Burada Avropa, dünya, Olimpiya çempionları var. Sadıq Sadıqov bütün məşqçilərlə, idmançılarla dil tapmağı bacaran bir insandır. Onun tövsiyələri uğurların qazanılmasında xüsusi rol oynayıb. Fikir versəniz, görərsiniz ki, Sadıq müəllim "Neftçi” peşəkar futbol klubunun prezidenti olduğu vaxtda bu klub 3 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu əldə edib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu, müstəqillik dövründə futbolda əldə olunan ən yüksək nəticədir. Mən yubilyarı məşqçilər, hakimlər və "Cəngi” idman klubunun üzvləri adından təbrik edirəm. Arzulayıram ki, uğurlar Sadıq Sadıqovla birgə addımlasın”.
Sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verildi. O, Sadıq Sadıqovu Azərbaycan Gənclər və İdman Nazirdiyi adından təbrik edərək dedi: "Belə bir tədbirin keçirilməsi idmançılara, idman xadimlərinə verilən dəyərin göstəricisidir. Mən Sadıq müəllimlə bir neçə Olimpiya Oyunlarına birgə yollanmışam. Dəfələrlə şahidi olmuşam ki, Azərbaycan idmançıları Olimpiya oyunlarında medal qazanarkən Sadıq müəllim necə ürəkdən sevinib. 2008-ci ildə Pekində keçirilən yay Olimpiya Oyunları zamanı boks növündə uğurumuz olmuşdu. Həmin vaxt Sadıq müəllimin ürəkdən sevindiyini indi də xatırlayıram. Sadıq müəllim həm də gözəl ailə başçısıdır. Onun layiqli övladları var. Yubilyarı fərqləndirən digər cəhəti isə onun məşqçilərlə, idmançılarla sıx münasibətdə olmasıdır. Sadıq Sadıqov həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində mübarizə aparan idmançılarımızı hər zaman dəstəkləyir. Buyaxınlarda Cüdo Federasiyasının vitse-prezidenti seçilən Sadıq müəllim öz işini dərindən bilən peşəkar bir mütəxəssisdir. Bir sözlə, Sadıq Sadıqov barədə yalnız xoş sözlər demək olar. Mən yubilyara uğurlar arzulayıram. İnanıram ki, Sadıq müəllim bundan sonrakı fəaliyyətində də idmanın inkişafı üçün bacarığını əsirgəməyəcək. Əminəm ki, 2016-cı ildə keçiriləcək Rio Olimpiadasında "Neftçi İdman Klubu” İctimai Birliyin yetirmələri kifayət qədər mükafat qazanacaqlar”.
"Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev yubilyarı media nümayəndələri adından təbrik etdi. "Mən Azərbaycanın idman mətbuatının nümayəndələri adından Sadıq Sadıqovu təbrik edirəm. 50 il insan ömrünün elə bir vaxtıdır ki, bu zirvədən dönüb arxaya baxmaq, keçdiyin ömür yoluna nəzər salmaq mümkün olur. Sadıq Sadıqov elə bir ömür yaşayıb ki, onun arxada qalan illərində maraqlı və dəyərli anlar çox olub. İnanıram ki. Sadıq müəllim bundan sonrakı həyatını da bir şəxsiyyət kimi yaşayacaq, Azərbaycan idmanının inkişafı üçün əlindən gələni əsirgəməyəcək. O, rəhbərlik etdiyi cəmiyyətdə idmançılara, məşqçilərə qayğı ilə yanaşır, Olimpiya Hərəkatının inkişafı üçün öz zəngin təcrübəsindən istifadə edir. İdman elə bir sahədir ki, burada əldə olunan nəticələrin təbliğinə ehtiyac var. İdman mətbuatı məhz bu nəticələri təbliğ edərək, idmançılarımızı cəmiyyətə tanıtdırır. Sadıq Sadıqov idman mətbuatı ilə hər zaman sıx əlaqə saxlayan idman xadimlərindən biridir. Mən idman mətbuatı adından yubilyarı təbrik edir, ən xoş arzularımı bildirirəm. İnanıram ki, "Neftçi İdman Klubu” İctimai Birliyinin idmançıları növbəti Olimpiya oyunlarında da yüksək nəticələr əldə edərək ölkəmizin bayrağını yüksəklərə ucaldacaqlar, - deyə Murad Fərzəliyev əlavə etdi.
Olimpiya çempionu Namiq Abdullayev öz çıxışında Olimpiya çempionları adından yubilyarı təbrik etdi. O, "Neftçi İdman Klubu” İctimai Birliyinin ölkə idmanının həyatında müstəsna rol oynadığını, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərdə xüsusi pay sahibi olduğunu bildirdi .
Cüdo Federasiyasında Yarışların Təşkili və Keçirilməsi sektorunun sədri Ağayar Axundzadə çıxış edərək Cüdo Federasiyası adından Sadıq Sadıqovu təbrik etdi. O bildirdi ki, idmanda əldə olunan uğurlarda "Neftçi İdman Klubu” İB-in zəhməti var. Ağayar Axundzadə cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Olimpiya mükafatçısı Mövlud Mirəliyevin məhz bu idman klubunun yetirmələri olduğunu dedi.
MOK-un baş katibi Ağacan Abiyev öz çıxışında Sadıq Sadıqovu təbrik edərək dedi: "Mən 1953-cü ildən 1967-ci ilə qədər Suraxanıda "Neftçi İdman Klubu”nda boksla məşğul olmuşam. Burada 10 il məşqçilik etmişəm. Həmin dövrlərdə klubun ətrafında olan ərazi bərbad vəziyyətdə idi. Həmişə arzulayırdım ki, bu ərazidə yeni idman zalı inşa olunsun, buradakı üzgüçülük hovuzu yenidən tikilərək idmançıların istifadəsinə verilsin. Mənim arzum həyata keçdi. Sadıq Sadıqovun bacarığı və işgüzarlığı sayəsində indi həmin yerdə yeni idman zalı tikilib, üzgüçülük hovuzu müasir tələblərə cavab verən səviyyədə qurulub. Buna görə Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. Bakıda keçirilən birinci Avropa Oyunlarında qazanılan 56 medaldan 16-sı məhz bu klubun üzvlərinin payına düşdü. Mən inanıram ki, Sadıq müəllimin rəhbərlik etdiyi "Neftçi İdman Klubu” İB-nin üzvləri hər zaman ölkəmizin adını uca tutacaqlar. Sizi yubiley münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram”.
Sonra söz Sadıq Sadıqova verildi. Səmimi təbriklərə və xoş arzulara görə təşəkkürünü bildirən yubilyar Azərbaycanda idmanın inkişafı, Olimpiya Hərəkatının genişlənməsi yolunda bundan sonra da səylə çalışacağını bildirdi. "Mən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, idmançıların yaxın dostu İlham Əliyev cənablarına ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Çünki məhz İlham Əliyevin qayğısı sayəsində idmançılarımız uğurlar qazanırlar. Ölkəmizdə idmanın inkişafı üçün kifayət qədər şərait yaradılıb. Biz bu şəraitdən yararlanmalı, etimadı doğrultmalıyıq. Əminəm ki, ölkəmizdə fəaliyyət göstərən bütün idman cəmiyyətləri kimi, "Neftçi İdman Klubu” İctimai Birliyi də bu sahənin inkişafında əlindən gələni bundan sonra da əsirgəməyəcək”, - deyə Sadıq Sadıqov əlavə etdi.