Dekabrın 8-də "ABU Arena”da "Olimpiya Hərəkatı” proqramı çərçivəsində badminton üzrə Nərimanov rayon birinciliyi keçirildi.
Tədbir Beynəlxalq Olimpiya Komitəsinin, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə dəstəyi ilə təşkil olunmuşdu.
Proqram çərçivəsində rayonun 22 məktəbindən 100-dən artıq qız və oğlan şəxsi həmçinin qarışıq qoşa yarışda güclərini sınadılar.
Əvvəlcə iştirakçıların paradı olub və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Açılış mərasimində çıxış edən MOK-un marketinq şöbəsinin rəhbəri Mehman Kərimov yarış iştirakçılarını salamlayaraq layihənin Bakının 350-dək orta məktəbini əhatə etdiyini bildirdi. O qeyd etdi ki, layihə çərçivəsində idmanın dörd növü - atletika, badminton, basketbol 3x3 və velosiped üzrə yarışlar keçirilir. «Bu yarışlar «Olimpiya Hərəkatı» proqramı çərçivəsində həyata keçirilir. Məqsəd bütün dünyaya səs salan I Avropa Oyunlarının idman irsini yaşatmaq və inkişaf etdirməkdən ibarətdir. «Olimpiya Hərəkatı» proqramına Bakının bütün orta ümumtəhsil məktəbləri cəlb olunub. Bu proqramda 350-dən artıq orta ümumtəhsil məktəbi iştirak edir. Proqram çərçivəsində 4 idman növü üzrə məktəblərarası rayon birinciliyi keçiriləcək. Gələn il isə final oyunları təşkil olunacaq. Qeyd edim ki, bu yarışlardan bəziləri artıq başa çatıb. Layihənin məqsədi yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və onların fəal fiziki hazırlığa cəlb olunmasından ibarətdir», - deyə Mehman Kərimov bildirdi.
Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov layihənin əhəmiyyətini yüksək qiymətləndirərək dedi: «Təhsil Nazirliyi hər zaman şagirdlərin fiziki sağlamlığını diqqət mərkəzində saxlayıb. Biz bununla bağlı bir sıra layihələr həyata keçiririk. Bu layihələrin əsas məqsədi məktəblərdə bədən tərbiyəsi və idmana marağı artırmaqdır. Təhsil Nazirliyinin bundan başqa digər lahiyələri də var ki, bunlar da Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalarla birgə həyata keçirilir. İnanıram ki, uşaqlar bu yarışlardan layiqincə yararlanaraq sağlam həyat tərzi keçirəcəklər».
Gənclər və İdman Nazirliyinin əməkdaşı Əlşad Nəsibov belə yarışların məktəblilərin idman həyatında böyük rol oynayacağını bildirdi. ««Olimpiya Hərəkatı» proqramı çərçivəsində keçirilən Nərimanov rayon birinciliyi məktəblilərin idman həyatında böyük rol oynayacaq. Qalib gəlmək və ya məğlub olmaq əhəmiyyət kəsb etmir. Əsas məqsəd odur ki, uşaqlar bu cür yarışlar vasitəsi ilə pis vərdişlərdən uzaqlaşdırılsın və sağlam həyat tərzinə cəlb olunsun. İnanıram ki, bu yarışlardan sonra uşaqların idmana olan həvəsi daha da artacaq», - deyə Əlşad Nəsibov əlavə etdi.
Çıxışlar başa çatdıqdan sonra yarışlara start verildi. Olimpiya sistemi üzrə keçirilən yarışda 212 saylı orta məktəbin komandası birinci yerə layiq görüldü. 258 saylı məktəb ikinci, 45 saylı məktəbin komandası isə üçüncü yeri tutdu.
Məlumat üçün qeyd edək ki, ilk dəfə 2003-cü ildə Hollandiyada həyata keçirilən "Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan "Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas iştirakçıları Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edəcək. Proqram gələn ilin əvvəlində I Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
"Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış "Facebook”, "Instagram” və "YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Dekabrın 9-da isə Milli Olimpiya Komtəsinin inzibati binasında «Oliimpiya Hərəkatı» proqramı çərçivəsində 4 idman növü üzrə təlimatlandırıcı sessiya keçirildi. Sessiyada federasiya nümayəndələri və mətbuat nümayəndələri iştirak edirdilər.
Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin rəhbəri Mehman Kərimov «Olimpiya Hərəkatı» proqramı barəsində geniş məlumat verdi. ««Olimpiya Hərəkatı» proqramı Beynəlxalq Olimpiya Komitəsinin, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkadaşlığı ilə həyata keçirilir. Bu proqram Beynəlxalq Olimpiya Komitəsinin bir sıra ölkələrdə keçirilən azsaylı proqramlarından biridir. Sevinc hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan beşinci ölkə olaraq bu hərəkata qoşulub. Ümumilikdə bu proqram çərçivəsində 4 idman növü üzrə üç mərhələli yarışlar həyata keçirilir. Bütün yarışlar Olimpiya sistemi üzrə keçirilir. Layihənin əsas məqsədi orta məktəblərdə təhsil olan şagirdləri Olimpiya Hərəkatını cəlb etmək, yarışlar vasitəsi ilə məktəblərdə idman növlərinə marağı artırmaqdır. Bundan başqa, layihə çərçivəsində fiziki tərbiyə dərslərinin və dərsdənkənar idman məşğələlərinin canlandırılıması da əsas şərtlərdən biridir. Bir sözlə, bu layihə ölkədə idmanın və bədən tərbiyəsinin kütləviləşməsinə xidmət edir. Orta məktəblərdə dərs deyən bütün müəllimlərə bu proqram haqqında təlimatlar verilib. Proqram çərçivəsində həyata keçirilən Bakı birinciliyindən başqa, bu müəllimlərinin Olimpiya idman növlərində bilik və bacarıqlarının artırılması üçün digər tədbirlərin təşkil olunması da nəzərdə tutulub. Uşaqların Bakı birinciliyinə hazırlığı üçün tək fiziki tərbiyə müəllimləri deyil, həmçinin Uşaq-Gənclər İdman Məktəbləri də kömək edirlər», - deyə o vurğuladı.

Mehman Kərimov qeyd etdi ki, «Olimpiya Hərəkatı» proqramı ilk dəfə Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkətinin dəstəyi ilə Hollandiyada keçirilməyə başlanıb. «Bu təcrübədən yararlanan ikinci ölkə Belçika olub. Azərbaycan isə Avropa dövlətləri arasında üçüncü, MDB məkanında isə birinci ölkədir ki, bu proqramda iştirak edir. Məlumat üçün bildirim ki, Asiya qitəsindən Yaponiya və Koreya da bu hərəkata qoşulmuş ölkələr sırasındadır», - deyə Mehman Kərimov əlavə etdi.
Sonra federasiya və mətbuat nümayəndələri «Olimpiya Hərəkatı - Azərbaycan»: brendin istifadəsinə dair təlimatla tanış oldular.