Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Hərəkatı” layihəsinin təqdimat mərasimi keçirildi.
Olimpnews.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, "Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel iştirak etdilər.
MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov layihə barədə məlumat verdi. Bildirildi ki, bu layihə Beynəlxalq Olimpiya Komitəsi, Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə həyata keçirilir. Layihə idmanın dörd növünü – basketbol 3x3, velosiped, atletika və badmintonu əhatə edir. "Olimpiya hərəkatı” layihəsi ölkəmizdə uşaqların idmana daha geniş cəlb olunması, idmanın, xüsusən də həmin dörd növün kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Digər çıxışlarda da layihənin əhəmiyyətindən danışıldı.
Tədbirin sonunda layihənin "ulduz idmançı”ları seçildi. Nazim Babayev atletika, Amil Həmzəyev basketbol 3x3, Aqşin İsmayılov velosiped, Orxan Qələndərov isə badminton üzrə "ulduz idmançı” seçildilər.
Sonda milli Olimpiya səfirləri - Olimpiya çempionu Fərid Mansurov və Əməkdar Artist Tünzalə Ağayeva mükafatlandırıldılar.