Güləşçimiz Avropa çempionatının finalında

Güləşçimiz Avropa çempionatının finalında

Almaniyanın Dortmund şəhərində gənc güləşçilər arasında Avropa çempionatı keçirilir. İlk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Güləşçimiz Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Millimizin üzvü Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. Dörddəbir finalda Türkiyə güləşçisi üzərində də böyük hesablı qələbəyə sevinən S.Cəfərov yarımfinala yüksəlib. Rusiyalı idmançıya məğlub olan S.Cəfərov bürünc medal uğrunda görüşə çıxacaq.

Çempionatda 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda rusiyalı rəqibinə məğlub olub. Zəfər Əliyev (97 kq) debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq dörddəbir finalda Ukrayna idmançısı ilə bacarmayıb.

Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.