32 ölkənin bədii gimnastları paytaxtımızda bir araya gələcəklər

32 ölkənin bədii gimnastları paytaxtımızda bir araya gələcəklər

Aprelin 22-dən 24-dək gimnastika ictimaiyyətinin diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq dünya kuboku yarışlarında bir araya gələcəklər. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi beşinci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 32 ölkədən 40-ı fərdi və 60-ı qrup komandasının (10 qrup) üzvü olmaqla 100 gimnastın iştirakı gözlənilir. Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq. Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq.
Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.