Fevralın 21-22-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilib. İki gün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edib.
Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda mübarizə aparıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları təşkil olunub. Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər.
Final mərhələsinin nəticələrinə əsasən, ölkəmiz Dünya kubokunu ümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü qızıl medalın sahibi olub. Qadınların sinxron proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxron proqramında isə Hüseyn Abbasov - Maqsud Mahsudov cütlüyü bürünc medala layiq görülüb.
Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycan gimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanaraq fəxri kürsüdə yer alıblar.
Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə gimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun qalibi olub.


