Dünya kuboku yarışlarının açılış mərasimi - FOTO

Dünya kuboku yarışlarının açılış mərasimi - FOTO

Aprelin 22-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Əvvəlcə komandaların paradı olub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının daha bir nüfuzlu yarışa ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Buna görə də idman sahəsində uğurlarımız artır. Azərbaycanda gimnastika da ildən-ilə daha da inkişaf edir”. Nazir müavini qeyd edib ki, ölkəmizdə yaradılan şərait həm idmançıların hazırlığı, həm də beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil, əcnəbi gimnastların da sevimli mərkəzlərindən birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya təlim-məşqlərə və yarışlara gəlirlər. Bu gün Bakı dünya gimnastikasının əsas mərkəzlərindən biridir. “Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində mümkün olub. Bu qayğıya, yaradılan yüksək şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq”, - deyə M.Vasileva əlavə edib.
Tamaşaçıların qarşıdakı günlərdə gimnastların maraqlı və rəngarəng çıxışlarını izləyəcəklərini diqqətə çatdıran nazir müavini idmançılara uğurlar arzulayıb və dünya kuboku yarışlarını açıq elan edib.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi beşinci beynəlxalq yarışdır. Yarışda qeydiyyat siyahısına əsasən, 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir. Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparırlar.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Dünya kuboku yarışlarının açılış mərasimi - FOTO Dünya kuboku yarışlarının açılış mərasimi - FOTO