Rəcəbov Məmmədyarovun Norveç turnirinin qalibi olmasına imkan verməyib

Rəcəbov Məmmədyarovun Norveç turnirinin qalibi olmasına imkan verməyib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirinin qalibi ola bilməyib.

"Olimpnews"un məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu - 9-cu günündə həmyerlisi Teymur Rəcəbovu məğlub etməyi bacarmayıb.

Son turadək norveçli dünya çempionu Maqnus Karlsen 15 xalla 1-ci, Məmmədyarov 14,5 xalla 2-ci, Rəcəbov isə 6,5 xalla 9-cu pillədə idi.

Karlsen bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla görüşündə heç-heçə etsə də, onu armageddonda yenib. Nəticədə dünya çempionu xal sayını 16,5-ə çatdırıb.

Bu halda Məmmədyarova Rəcəbov üzərində klassik partiyada yalnız qələbə sərf edirdi. Lakin o, bunu bacarmayıb. Görüş heç-heçə başa çatdığı üçün armageddon oynanılıb. Bu partiyada da heç-heçə qeydə alınıb. Bununla belə, Rəcəbov qara fiqurlarla oynadığı üçün qalib elan olunub və 8 xalla 10 iştirakçı arasında 9-cu yeri tutub. Məmmədyarov isə 15,5 xalla 2-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) olub.