Raqif Abbasov: “Paytaxt yarışlarında iştirak edən idmançıların sayı ötən illərlə müqayisədə xeyli artıb”

Raqif Abbasov: “Paytaxt yarışlarında iştirak edən idmançıların sayı ötən illərlə müqayisədə xeyli artıb”


Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Ölkəmizdə idman və Olimpiya Hərəkatı geniş vüsət alıb. Əhalinin sağlamlığı, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onların fiziki və mənəvi sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə hərtərəfli şərait yaradılıb. Paytaxtda və regionlarda tikilib istifadəyə verilən müasir tipli Olimpiya idman kompleksləri, idman zalları və stadionlar hər bir Azərbaycan vətəndaşının sağlamlığına xidmət edir. Ölkəmizin güclü idman potensialına və maddi-texniki bazaya malik olması, təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında misilsiz qələbələri Azərbaycanı idman yarışlarının mərkəzinə çevirib. Bu gün paytaxtımızda idmanın inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Son illər ərzində idmançılarımız bir sıra mötəbər yarışlarda nailiyyətlər qazanıblar. Onların əksəriyyəti paytaxt təmsilçiləridirlər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ölkəmizdə idmanın və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. BŞGİBİ məqsədyönlü fəaliyyəti sayəsində yüksək uğurlara imza atıb. Qurumun fəaliyyəti barədə ətraflı məlumat almaq üçün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbaslovla görüşdük. Raqif müəllim paytaxtda idmanın inkişafı, dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, qurumun həyata keçirdiyi tədbirlər barədə danışdı.


- Raqif müəllim, rəhbərlik etdiyiniz Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxtda idmanın inkişafı və kütləviliyi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Görülən işlərlə bağlı oxucularımıza ətraflı məlumat verməyinizi xahiş edirik.

- Bakı şəhər Gənclər və İdman Baş İdarəsi öz işini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı şəhər İcra hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı əsasında qurur. Bu plana əsasən, 2013-cü ildə müxtəlif tədbirlər həyata keçirmişik. Qeyd edim ki, bu ilin ilkyarım ili 2012-ci ilin ilk yarım ili ilə müqayisədə həm kəmiyyət, həm keyfiyyət, eləcə də əldə edilən nailiyyətlər baxımından daha uğurludur. Belə ki, paytaxt və respublika birinciliklərində, kubok yarışlarında, eləcə də idarənin təşkil etdiyi beynəlxalq səviyyəli yarışlarda bir sıra yüksək nailiyyətlər əldə olunub. Paytaxt yarışlarında iştirak edən idmançıların sayı ötən illərlə müqayisədə xeyli artıb. Sevindirici haldır ki, həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərinə qadın idmançıların cəlb olunmasında müsbət irəliləyişə nail olmuşuq. Şahmat, voleybol, qılıncoynatma, stolüstü tennis, dama, otüstü hokkey və futbol idman növlərinə zərif cinsin nümayəndələri daha çox maraq göstərirlər. İdman idarəsi kimi həm də ölkədə az inkişaf edən idman növlərini inkişaf etdirməyə çalışırıq. Bu məqsədlə idarə tərəfindən mütamadi olaraq açıq paytaxt yarışları təşkil edilir. Bu yarışlarda bölgə idmançıları də iştirak edirlər. Bildiyiniz kimi, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər yarışlara hazırlıq məqsədilə oyunların proqramına daxil edilən idman növləri üzrə yarışların təşkilinə daha çox diqqət ayırırıq. Qeyd edim ki, 2013-cü il ərzində 40-dək təlim-məşq toplanışının təşkili nəzərdə tululub ki, bunun da əksəriyyəti artıq həyata keçirilib. Təlim-məşq toplanışlarında, əsasən, komanda idman növlərinə üstünlük verilir. Hesab edirəm ki, növbəti yay Olimpiya oyunlarına ehtiyat qüvvə indidən hazırlanmalıdır. Təlim-məşqlərin əksəriyyətini ölkə daxilində keçirmişik. Respublikamızın ayrı-ayrı bölgələrində inşa edilən və müasir standartlara cavab verən Olimpiya idman kompleksləri təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkilinə şərait yaradır. BŞGİBİ tibbi, bərpa, dopinq məsələləri, ədalətli oyun prinsipləri, məşqçilərin ixtisasının artırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirir. Qeyd edim ki, orta, ali və ixtisasartırma kurslarında məşğələlər təmənnasız aparılır. İxtisasartırma kurslarının təşkilində məqsəd gənc hakimlərin və məşqçilərin biliklərinin artırılmasıdır.


- Qeyd etdiniz ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir sıra idman növlərinin inkişafı üçün yarışlar təşkil olunur. Bu il idarənin təşkilatçılığı ilə hansı yarışları keçirmisiniz?

- Məlum olduğu kimi, 2013-2016-cı illər üçün nəzərdə tutulmuş idman təsnifatı proqramı öz təsdiqini tapıb. Burada yer alan idman qaydaları beynəlxalq səviyyəli yarışların tələblərinə cavab verir. Biz bu qaydaları Bakı birinciliklərindən tətbiq etməyə çalışırıq. Təşkilatımız tərəfindən paytaxtdaxili yarışlarla yanaşı, beynəlxalq səviyyəli yarışlar da keçirilir. Bu il futbol, reqbi, sumo üzrə beynəlxalq yarışlar təşkil etmişik. Bundan başqa, su idman növləri üzrə Quba və Hövsan Olimpiya komplekslərində müxtəlif yaş qrupları üzrə "Şən Delfin” yarışı və müxtəlif beynəlxalq yarışlar təşkil edilib. Bu yarışları ilin sonunadək keçirməyi planlaşdırırıq. Qeyd edim ki, Avropa çempionatları və birinciliklərinin təşkilində də Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi fəal iştirak edir. Buyaxınlarda Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin Ümumdünya Yay Universiadasında bir qrup nümayəndə heyətimiz iştirak etdi. Orada iştirakımızda əsas məqsəd nümayəndə üzvlərimizin yarışların təşkilatçılıq məsələləri ilə bağlı təcrübə qazanmaları idi. Qeyd edim ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında könüllülərin hazırlanması işində təşkilatımız tərəfindən bir sıra işlər həyata keçirilir. Məhz bu təcrübə könüllülərin hazırlıq prosesində mühüm əhəmiyyətə malik olacaq. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi digər ölkələrin paytaxt şəhərlərinin idman idarələri ilə sıx əməkdaşlıq əlaqələri qurur. Bilirsiniz ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təkcə kütləvi bədən tərbiyəsi və idman yarışlarının təşkili ilə deyil, həm də dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə də məşğul olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-2015-ci illər üçün dövlət gənclər siyasətinin icrası ilə bağlı Sərəncam imzalayıb. BŞGİBİ bu Dövlət Proqramının icrası istiqamətində tədbirlər həyata keçirir. Həmin tədbirlər ailə institutunun təbliğatı, hərbi-vətənpərvərlik, gənclərin asudə vaxtının səmərəli təşkili, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılması məsələlərini əhatə edir. Bununla bağlı müxtəlif "dəyirmi masalar”, düşərgələr, yaxın və uzaq ölkələrin nümayəndələri ilə görüşlər, Xocalı soyqırımı ilə bağlı "Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər təşkil edirik. Bundan başqa proqram çərçivəsində xüsusi istedada, Prezident təqaüdünə namizəd olan gənclərin üzə çıxarılmasına xüsusi diqqət göstəririk. Bu məqsədlə, istedadlı gənclərin ölkə xaricində keçirilən beynəlxalq tədbirlərdə iştirakını təmin edirik. Sözsüz ki, bizi qane etməyən məsələlər də mövcuddur. Çox istərdik ki, futbol yarışlarında paytaxtı təmsil edən klub və komandaların sayı daha çox olsun, bu yarışlarda məcburi köçkün və qaçqın komandaları da iştirak etsin. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi narkomaniya, QİÇS-lə mübarizə və özünə sui-qəsd hallarına qarşı geniş əhatədə tədbirlər həyata keçirir. Əlbəttə ki, biz mübarizə tədbirlərinin daha geniş şəkildə vüsət alması üçün ictimaiyyətlə sıx əlaqə qurmağa çalışırıq.


- Raqif müəllim, qeyd etdiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BŞGİBİ tərəfindən tədbirlər həyata keçirilir. Bununla bağlı cəbhə bölgələrinə səfərləriniz olurmu?

- Bəli. Biz mütamadi olaraq cəbhə bölgələrinə səfərlər edirik. Buyaxınlarda Bərdə rayonundakı hərbi korpusun nəzdində olan N saylı hissədə və Qarabağın dilbər guşələrindən olan Ağdam və Fizulinin sərhəd kəndlərində olduq. Orada vətənimizin keşiyində dayanan əsgər və zabitlərlə görüşdük. Səngərlərdə vətəni qoruyan əsgərlərdə böyük ruh yüksəkliyi hiss olunurdu. Hərbi hissələrdəki nizam-intzam yüksək səviyyədədir. Bu onu deməyə əsas verir ki, bizim güclü ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından tezliklə azad edəcək. Ümumiyyətlə, sərhəd bölgələrinə tez-tez səfər edirik. Biz "Ali Baş Komandanın əmrinə hazır ol!” devizi altında düşərgə təşkil etdik. Bu tədbiri Şamaxı şəhərində tələbə-gənclər təşkilatları və qeyri-hökumət təşkilatları ilə birgə keçirdik. Düşərgə gənclərin hərbiyə hazırlığı ilə bağlı təbliğat xarakteri daşıyırdı. Düşünürəm ki, torpaqlarının 20 faizi işğal altında olan ölkə üçün gənclərin hərbi biliklərə yiyələnməsi vacib amillərdəndir.


- Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində orta təhsil, ali və orta ixtisas məktəblərində işlər necə həyata keçirilir?

- Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə təşkilatçılığı ilə orta və yuxarı sinif şagirdləri arasında "Şahin” və "Cəsurlar” hərbi idman oyunları təşkil edirik. Sevindirici haldır ki, bu yarışlara maraq ildən-ilə artır. Hərbi oyunlar məktəbdaxili, rayondaxili, zona və paytaxt yarışlarını əhatə edir. Bunlara əlavə olaraq "Sərhəd”, "Vətənin müdafiəsinə hazıram!”, "Sən vətən haqqında nə bilirsən”, "Gənc yanğınsöndürənlər” və s. devizlər altında da yarışlar təşkil edirik. Şübhəsiz ki, vətənə sevgi, məhəbbət hər bir ailədə təbliğ olunmalıdır. Bizim təşkil etdiyimiz tədbirlər bir qrup kütləni əhatə edir. Kütləvi İnformasiya Vasitələri isə bunu bir qədər də geniş auditoriyaya çatdırmaq imkanına malikdir. Amma bu sahədə təbliğatın əsası, ilk növbədə, ailədə qoyulmalıdır. Hər birimiz çalışmalıyıq ki, işğal altında olan torpaqlarımız azad olsun və biz bunun üçün bütün qüvvəmizi səfərbər etməliyik.


- Bakı şəhər Gənclər və İdman Baş İdarəsi azadlıqdan müvəqqəti məhrum olmuş vətəndaşlarla mütəmadi görüşlər keçirir, məhbuslar arasında idmanı təbliğ edir.

- BŞGİBİ hüquq-mühafizə strukturları ilə sıx əməkdaşlıq edir. Tədbirlər planına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə layihələr həyata keçiririk. İslah-əmək müəssisələrində müvəqqəti olaraq azadlıqdan məhrum edilmiş gənclər və böyükyaşlı insanlarla görüşlərimiz onların azad cəmiyyətə sağlam insan kimi qayıtmaları məqsədini daşıyır. Çalışırıq ki, bu görüşlər sayəsində onlar özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməsinlər. Bu tədbirlərdə müxtəlif idman yarışları, intellektual oyunlar və sağlam həyat tərzini, vətənpərvərlik hisslərini təbliğ edən filmlər nümayiş etdirilir. İdarənin əməkdaşları tərəfindən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin və Sərhəd Qoşunlarının Akademiyasında ölkənin idman və gənclər siyasəti ilə bağlı ümummilli lider Heydər Əliyevin həyat tərzi və Heydər Əliyev məktəbinin öyrənilməsi barədə mühazirələr oxunur. Mühazirələrin aparılmasında əsas məqsəd gələcəkdə ölkənin hüquq-mühafizə orqanlarında çalışacaq gəncləri maarifləndirməkdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi valideyn himayəsindən məhrum edilmiş gəncləri və qocalar evlərində məskunlaşmış ahılları da yaddan çıxarmır. Bu görüşlər vahid ideyanın - azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Hər bir fərd, hər bir gənc özünü cəmiyyətdə təsdiq etmək üçün bilik və bacarığını ortaya qoymalıdır. Bu və ya digər tədbirlər vasitəsilə gənclərin özlərini təsdiqetmə imkanları yaranır.


- Raqif müəllim, yeri gəlmişkən, istedadlı gənclərin üzə çıxarılması məqsədilə hansı işləri görürsünüz?

- Gənclərimizin mütəmadi olaraq paytaxt, respublika və beynəlxalq səviyyəli tədbirlərdə
iştirakını təmin edirik. Qeyd edim ki, bizim musiqi sahəsində isdedadı olan gənclərimiz də çoxdur. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ənənəvi olaraq "Bakı payızı” musiqi festivalını təşkil edir. Bundan başqa, idarəmiz Rəşid Behbudov adına Mahnı Teatrında hərbi-vətənpərvərlik mövzusunda musiqi müsabiqəsi keçirir. Sevindirici haldır ki, ildən-ilə ali təhsil ocaqlarında oxuyan, musiqi, rəqs, fort-kapella qruplarında çıxış edən gənclərimizin sayı artır. Biz Bakı Şəhər Mədəniyyət İdarəsi ilə birgə müxtəlif yaş qrupları üzrə milli alətlər və müxtəlif musiqi alətlərində ifa edən gənclər arasında tez-tez müsabiqələr təşkil edirik. Müsabiqələrdə fərqlənən gənclərimiz müxtəlif beynəlxalq tədbirlərə ezam edilirlər. İdarə hər il mütəmadi olaraq paytaxtımızda yerləşən uşaq evləri və internat məktəbləri arasında bədii yaradıcılıq festivalı təşkil edir.


- Bakı beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib. Ölkəmizdə 2015-ci ildə ilk dəfə olaraq Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Paytaxt idman idarəsi olaraq bu mötəbər yarışlara hazırlıq zamanı sizin üzərinizə hansı vəzifələr düşəcək?

- İlk müasir Olimpiya oyunlarının bərpasının təşəbbüskarı və banisi fransalı baron Pyer de Kubertendir. Mən deyərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də qitədə ilk Avropa Oyunlarının keçirilməsinin təşəbbüskarıdır. Danılmaz faktdır ki, dövlətin zəmanəti, cəmiyyətin bu barədə müsbət rəyi olmasa, belə bir möhtəşəm tədbiri reallaşdırmaq mümkün deyil. Avropa Oyunlarının növbəti illərdə harada keçirilməsindən asılı olmayaraq, Bakı bu oyunların vətəni kimi tarixdə qalacaq. Paytaxtımızın bu cür möhtəşəm tədbirə ev sahibliyi etməsi ölkəmizdə idmana, Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür. Qeyd edim ki, Avropa Oyunlarının mahiyyəti gündən-günə artır. Bu oyunların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ehtimalının olması oyunların əhəmiyyətini daha da yüksəldir. Bundan başqa, Avropa qitəsində inkişaf etmiş idman növləri üzrə yarışların keçirilməsi bu növlərin ölkəmizdə daha da inkişafına şərait yaradacaq. Oyunlar zamanı ölkəmizə turist axını çoxalacaq. BŞGİBİ oyunların təşkilati işlərində yaxından iştirak edəcək. Komandaların qarşılanması, onların asudə vaxtlarının səmərəli təşkili, paytaxtla tanışlıq, tərcümə, tamaşaçıların yarışlar zamanı yerləşdirilməsi, nəqliyyat vasitələrində qonaqların müşayiət edilməsi könüllülər tərəfindən həyata keçiriləcək. Könüllülərin hazırlanması işi Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi müxtəlif düşərgələrdə və ixtisasartırma kurslarında həyata keçiriləcək. Bu kurslarda onlara könüllülük prinsiplərinin özündə nələri əks etdirməsi aşılanacaq. Qeyd edim ki, könüllülər bir neçə xarici dil bilməli, təşkilatçılıq, Azərbaycan həqiqətlərini xarici qonaqlara doğru-düzgün çatdırmaq bacarığına malik olmalı, şəhəri yaxşı tanımalı, təmsil etdiyi ölkənin tarixi ilə bağlı ətraflı biliklərə sahib olmalıdır.
Qeyd etmək lazımdır ki, möhtəşəm idman tədbirlərinin açılış və bağlanış mərasimlərinə böyük kütlələr cəlb olunur. Bu mərasimlərdə müxtəlif bədii kompozisiyaların nümayişi zamanı xüsusi istedada malik olan gənclərə ehtiyac duyulur. Bununla bağlı müəyyən tədbirlər həyata keçirəcəyik. Belə ki, paytaxtda fəaliyyət göstərən müxtəlif cəmiyyətlər və təşkilatlarla artıq bu sahədə işlərin görülməsinə başlanılıb. Avropa Oyunları ərəfəsində müxtəlif flaş-moblar tətbiq etməyi planlaşdırırq. Bunlardan biri Qobustanla bağlı flaş-mobdur. Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbirlər də həyata keçirməyi planlaşdırırıq. Bu barədə ingilis, fransız və alman dillərində müxtəlif topluların çap olunması nəzərdə tutulur. Ümumiyyətlə, mədəniyyətin təbliği vacib məqamlardandır. Paytaxta gələn qonaqlar şəhərin görməli yerlərini seyr edəcəklər. Paytaxtın müxtəlif hissələrində "Mən təbiəti sevirəm”, "Təmiz nəqliyyat vasitəsindən istifadə” ekoloji layihəsini, "Mən nəqliyyat vasitəsindən özümü qoruyuram və təhlükəsiz həyat tərzinin təbliğatçısıyam”, yol nəqliyyat hərəkatı layihəsini həyata keçirəcəyik. Bu layihələr paytaxt Bakının müxtəlif yerlərində gerçəkləşəcək. Bu da Avropa Oyunlarının daha yaddaqalan olmasına şərait yaradacaq. IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə gəlincə, bu oyunların ölkəmizdə keçirilməsi müsəlman ölkələrinin dünyaya inteqrasiyası üçün böyük bir fürsətdir. Ölkə rəhbərliyi də, aidiyyatı qurumlar da dəfələrlə vurğulayıblar ki, Azərbaycan islam dinini dünyaya təbliğ etməsinə baxmayaraq, tolerant və dünyəvi ölkədir. İstisna deyil ki, islam ölkələri ilə yanaşı, əhalisinin əksəriyyəti müsəlmanlığı qəbul etmiş ölkələrin idmançıları da yarışlarda müsabiqədən kənar iştirak etmək hüququna malik ola biləcəklər. Bununla biz İslam Həmrəyliyi Oyunlarının coğrafiyasını genişləndirə bilərik. Avropa Oyunlarının təşkilindən sonra İslam Oyunlarının ölkəmizdə keçirilməsi Bakının yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün şansını daha da artıracaq. Bildiyiniz kimi, milli idman növümüz olan zorxananın oyunların proqramına salınması istiqamətində ciddi işlər aparılır. Bu növün tarixinə nəzər salsaq, biz Azərbaycanın neçə əsrlik milli tarixə malik olduğunu görərik. Azərbaycanın rəqabətsiz İslam Oyunlarına ev sahibliyi etməsi hüququna malik olması ölkəmizin irimiqyaslı yarışları ardıcıl təşkil etmək bacarığının olduğunu nümayiş etdirir. Bu, onu göstərir ki, idman ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Düşünürük ki, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının təşkili, açılış və bağlanış mərasimləri o qədər möhtəşəm olacaq ki, bundan sonra dünyada bu oyunlara maraq daha da artacaq. Biz bu yarışları üç prinsip - kütləvilik, ən yaşıl və yüksək texnologiyalar əsasında təşkil etməyi planlaşdırırq. Bu üç prinsipin vəhdəti yarışları daha maraqlı edəcək.



- Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Milli Olimpiya Komitəsi ilə əməkdaşlığı hansı səviyyədədir?

- Biz hər il Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Atletika Federasiyası ilə birgə Beynəlxalq Qaçış Günü ərəfəsində Milli Parkda "Qaçış günü”nü təşkil edirik. Bu yürüşdə 7 yaşından 70 yaşınadək həvəskar və peşəkar idmançılar qüvvələrini sınayırlar. Bundan başqa, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, MOK və "Olimpiya dünyası” qəzeti ilə birgə islah əmək müəssisələrində dəfələrlə müxtəlif görüşlər keçiririk. Bu tədbirlərdə bir sıra tanınmış idman mütəxəsisləri də iştirak edirlər. Bağlı MOK-un rəsmi nəşri olan "Olimpiya dünyası” qəzeti ilə qarşılıqlı və işgüzar əlaqələrimizi xüsusilə qeyd etmək istərdim. Bu qəzetdə "Paytaxt bölməsi” rubrikası mövcuddur. Biz bu rubrikanın əhatəsini bir qədər də genişləndirmək niyyətindəyik. Milli Olimpiya Komitəsinin təşkilatçılğı ilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında gənclər və idman idarələrinin əməkdaşları, məşqçilər üçün yeni idman qaydaları ilə bağlı ixtisasartırma kursları təşkil edilir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi arasında mövcud əməkdaşlıq əlaqələri davam etdirilir. Biz bundan sonra da birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Birgə həyata keçirilən bu tədbirlər ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına xidmət edir.

Səadət
Aysel