UEFA "Jirona"nı Çempionlar Liqasından uzaqlaşdıra bilər

UEFA "Jirona"nı Çempionlar Liqasından uzaqlaşdıra bilər

Bu mövsüm İspaniya La Liqasında parlaq oyunu ilə diqqət çəkən "Jirona" klubu Çempionlar Liqasında oynamaq hüququndan məhrum edilə bilər.

ESPN telekanalının yaydığı məlumata görə, klubun İngiltərənin "Mançester Siti" ilə əlaqələri barədə bəzi məqamlar üzə çıxıb.

Qeyd olunur ki, “Jirona” “City Football Group”a (CFG) məxsusdur. Həmin şirkətin portfelində “Mançester Siti”nin də adı var.

UEFA-nın reqlamentinə uyğun olaraq, eyni şirkətə məxsus iki klub eyni avrokubok turnirində oynamaq hüququ qazanarsa, onun daxili çempionatında ən yüksək yeri tutan komandaya üstünlük veriləcək. Əgər komandalar eyni mövqelərdə yer alarsa, o zaman bilet UEFA-nın klub reytinqində ən yüksək əmsala malik olan komandaya təqdim olunacaq. Buna görə “Mançester Siti” "Jirona"nı bu imkanlarına görə qabaqlayır.

Hazırda UEFA-dan qitənin nüfuzlu klub turnirində iştirak etmək icazəsi gözləyən "Jirona" ola bilsin ki, UEFA Avropa Liqasında da çıxış etməsin. La Liqa təmsilçisi bunun üçün UEFA Klubların Maliyyə Nəzarəti Orqanına (CFCB) "Mançester Siti"dən asılı olmadığın sübut edən sənəd təqdim etməlidir.

Qeyd edək ki, "Jirona" hazırda La Liqada ikinci pillədə qərarlaşır. "Mançester Siti" isə İngiltərə Premyer Liqası mövsümündə həm liderdir, həm də Çempionlar Liqasına vaxtından əvvəl vəsiqə əldə edib.