İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans Flik sabah UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə cavab oyunu öncəsi mətbuat konfransı kecirib. Almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
Təcrübəli mütəxəssis sabahkı oyunda polşalı hücumçu Robert Levandovskinin ehtiyat heyətdən oyuna başlamağının ən doğru seçim olduğunu qeyd edib: "Dünən onunla danışdım. Onun irəliləyiş əldə etdiyini düşünürəm. Ehtiyat oyunçular skamyasında olacaq. Ona ehtiyacımız olarsa, oynayacaq".
O, bu həftənin komandası üçün həlledici olduğunu və bütün riskləri gözə aldıqlarını da vurğulayıb:
"İki titul qazanmışıq və bu həftə çox şeyi risk altına atırıq. Ən çox dəyər verdiyim şey oyunçularımın əylənməsi və coşğulu olmasıdır. Bu məni çox qürurlandırır. Mövsümün əvvəlində nələr edəcəyimizi, nələr qazanacağımızı və bizim belə vacib həftələrdə olacağımızı bilmirdik. Oyunçularımın yaxşı olmağını istəyirəm. Bu komanda mükəmməldir'.
O, sabah təşkil olunacaq oyunda müdafiə xətti ilə bağlı məsələyə də toxunub: "Biz həmişə rəqiblərin hamısına köklənirik. "İnter"in də yaxşı oyunçuları var, hər zaman kollektiv oynayırlar. Təəssüf ki, zədələr bizə təsir etdi. Bu isə məni qane etmir. Lakin elə oyunçular var ki, başqa mövqeləri də əhatə edə bilirlər. Erik Qarsiya, Ronald Arauxo, Cerard Martin, Hektor Fort Jül Kundenin və ya Baldenin mövqelərində oynaya bilər.
Oyunçulara demək istəyirəm ki, sabahkı oyundan həzz almalıyıq, bu səviyyədə oynamaq əladır, finala çıxa bilərik, futbolçulara təzyiq etmək istəmirəm, həzz almalıdırlar. İstəyirəm ki, bir-biriləri ilə yaxşı əlaqə saxlasınlar, bir-birilərini yaxşı başa düşsünlər, yaxşı topa sahib olsunlar. Belə olsa meydanda istədiyimizə də nail ola bilerik“.
Qeyd edək ki, "Barselona" - "İnter" oyunun start fiti sabah saat 23:00-da İtaliyada "Cüzeppe Meatsa"da stadionunda səslənəcək.
Hans Flik "İnter"lə oyunöncəsi mətbuat konfransında nələr dedi?
