"Barselona" futbolçusundan "İnter"lə oyunöncəsi açıqlama

"Barselona" futbolçusundan "İnter"lə oyunöncəsi açıqlama

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olma UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyunöncəsi mətbuat konfransında iştirak edib. 27 yaşlı ispaniyalı futbolçu mövsümün ən ağır həftələrindən birini keçirəcəklərini qeyd edib:
"Barselona"ya çempion olmaq üçün gəldim. İki titul qazanmışıq və daha iki titul uğrunda mübarizə aparırıq. Özümü yaxşı hiss edirəm. Xoşbəxtəm, motivasiyalıyam və komandaya kömək etməyə hazıram. Mövsümün əvvəlində düşündüyüm də bu idi – hər şeyi qazanmaq uğrunda yarışmaq. Bilirik ki, bu həftə bizim üçün çox vacibdir. Yalnız bir oyunumuz qalıb ki, daha bir finala çıxaq. Həlledici oyundur. Çox həyəcanlıyıq və tam hazırıq.
İlk oyunda rəqabət yaxın idi. Daha çox qol vurmaq şanslarımız oldu və elə vəziyyətlər var idi. İndi hədəfimiz qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir.
Ev üstünlüyü ev sahibi komanda üçün faydalı ola bilər. Amma biz artıq "Bernabeu"da, "Metropolitano"da, "Signal Iduna Park"da oynamışıq. Atmosfer bizi narahat etmir, əksinə daha çox motivasiya verir". 
O, komanda yoldaşı Lamin Yamalın  komanda üçün nə qədər vacib oyunçu olduğunu da qeyd edib.
"O, yaxşıdır, sakitdir və hər kəs kimi bu oyunu səbirsizliklə gözləyir. Yamal artıq göstərib ki, bir, iki, hətta üç oyunçuya qarşı oynaya bilir. Əgər iki-üç oyunçu ona qarşı müdafiə olunsa, bu, digər oyunçular üçün boş sahə yaradacaq", - deyə Dani Olmo bildirib.