Pakistan Hindistan tərəfinin hərəkətlərinə cavab olaraq Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Olimpnews.az Oxu.Az-a istinadən xəbər verir ki, "Banyan-ul-Marsus" ("Qurğuşunla örtülmüş divar") əməliyyatı çərçivəsində bütün Hindistan ərazisində çoxsaylı strateji obyektlər hədəf alınıb. Əməliyyatın adı dərin simvolik məna daşıyır və "keçilməz maneə" mənasını verən "Quran" ifadəsinə istinad edir.
"İlkin mərhələdə, təhlükəsizlik qüvvələrindəki mənbələrin məlumatına görə, zərbələr nəticəsində Hindistanın bir çox qiymətli hərbi obyektləri məhv edilib", - deyə bəyanatda bildirilib.
Pakistan hərbçilərinin iddialarına görə, Beasda yerləşən "Bramos" raket anbarı məhv edilib. Rusiya və Hindistanın birgə layihəsi olan "Bramos" raket kompleksinə 290 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilən səsdən sürətli qanadlı raketlər daxildir.
Hindistan Hərbi Hava Qüvvələri üçün regionda strateji əhəmiyyət kəsb edən Hindistanın Udhampur və Pathankot hava bazaları güclü zərbələrə məruz qalıb. Pakistan Silahlı Qüvvələri həmçinin Uridə Hindistan ordusunun briqada qərargahını və təchizat anbarını da məhv edib.
Eyni zamanda kiberhücumlar nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70%-nin sıradan çıxarıldığı da iddia edilir. Əgər bu məlumatlar təsdiqlənərsə, bu, dövlətlərarası münaqişədə kibersilahlardan misligörünməmiş istifadə demək olacaq. Hindistanın "Indian Express" nəşri artıq ölkə sakinlərinə mümkün kiberhücumlarla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl Pakistan ordusunun ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Əhməd Şərif Çaudhri Hindistan Hərbi Hava Qüvvələrinin Nur-Xan, Myurid və Şorkot aviabazalarına hücum etdiyini bəyan edib.
Onun sözlərinə görə, Hindistan raketlərinin əksəriyyəti havada məhv edilib, aviabazaların yaxınlığına düşənlər isə o qədər də ciddi ziyan vurmayıb.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarələrarası bölməsi bildirib ki, ölkə ordusu Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala qəsəbəsində aerodromu və Hindistanın üç nəzarət-buraxılış məntəqəsini məhv edib.
Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Buna cavab olaraq Pakistan hökuməti genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Pakistan hərbçiləri həmçinin Bhatinda şəhərində (Pəncab ştatı) aerodromun, eləcə də Akxnur şəhərində (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) aviabazanın dağıdılması barədə məlumat veriblər.
"Pakistana qarşı istifadə edilən bütün aviabazalara eyni vaxtda hücum edilir. Gözə göz, dişə diş", - deyə Pakistan hərbi qurumunun bəyanatında qeyd edilib.
Bildirək ki, Hindistan və Pakistan arasındakı münaqişə 1947-ci ildə Britaniya Hindistanının bölünməsinə qədər uzanan uzun tarixə malikdir. Hər iki ölkə nüvə silahına malikdir və bu da hər hansı bir eskalasiyanı regional və qlobal təhlükəsizlik üçün xüsusilə təhlükəli edir. Hazırkı eskalasiya son onilliklər ərzində ən ciddisi ola bilər.
Pakistan “Qisas” əməliyyatına başladı: gərgin döyüşlər gedir
