“Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasına üzv seçilməyim mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir”.
Bu sözləri bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən MOK-un Atletlər Komissiyasının yeni iclasından sonra komissiyaya üzv seçilən Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov “Olimpnews.az”a müsahibəsində qeyd edib.
O, bu təyinatı yalnız şəxsi uğuru kimi deyil, illərlə göstərilən zəhmətin, inamın və idmana olan sadiqliyin nəticəsi olduğunu deyib.
“Məni bu vəzifəyə layiq görən hər kəsə minnətdarlığımı bildirirəm. İdmançılar ölkəmizin ruhunu, gücünü və iradəsini təmsil edən insanlardır. Mənim əsas məqsədim idmançılarımızın səsini daha da ucaldan, ehtiyaclarını duyan və problemlərinə həll yolları axtaran bir nümayəndə olmaqdır. Gələcək fəaliyyətimdə idmançılarımızın hüquqlarını müdafiə etmək, onların beynəlxalq arenada daha güclü şəkildə təmsil olunmalarına dəstək vermək üçün əzmlə çalışacağam. İnanıram ki, birlikdə daha böyük hədəflərə doğru irəliləyəcəyik. Çünki biz idmanla nəfəs alır, zəfərlə yaşayırıq”, - deyə Rafiq Hüseynov bildirib.
Rafiq Hüseynov: “Əsas məqsədim idmançılarımızın problemlərinə həll yolları axtaran bir nümayəndə olmaqdır”
