Kənan Hakimov: “Məqsədimiz Azərbaycan idmanının uğurlarını ən yüksək səviyyədə tamaşaçılara çatdırmaqdır”

Kənan Hakimov: “Məqsədimiz Azərbaycan idmanının uğurlarını ən yüksək səviyyədə tamaşaçılara çatdırmaqdır”

“Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2024-cü ilin “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”  nominasiyasına layiq görülmək İctimai Televiziya olaraq bizim üçün qürurvericidir”. 
Bu sözləri İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası tərəfindən 2024-cü ilin yekunlarına əsasən müəyyənləşdirilmiş nominasiya qaliblərinin mükafatlandırma mərasimindən sonra “Olimpnews.az”a müsahibəsində deyib. 
Kənan Hakimov qeyd edib ki, 2024-cü ildə İctimai TV bir sıra uğura imza atıb: “Biz 2024-cü ildə Parisdə keçirilən həm Yay Olimpiya Oyunlarını, həm də Paralimpiya Oyunlarını Azərbaycan teleməkanında ilk dəfə canlı yayımladıq. İdmançılarımızın bütün çıxışlarını birbaşa olaraq tamaşaçılara çatdırmağa çalışdıq. Gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Məqsədimiz Azərbaycan idmanının uğurlarını ən yüksək səviyyədə tamaşaçılara çatdırmaqdır”.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının təşkil etdiyi mərasimdə “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Qaşim Maqomedov, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyasında cüdo üzrə məşqçi Tərlan Həsənov, “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyası üzrə boks hakimi Emil Qurbanəliyev, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyasında İctimai TV mükafata layiq görülüb.