Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - III hissə

Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - III hissə

Əvvəli Şimali Makedoniyada iki, Xorvatiyada isə bir şəhər avropalı idmançıları salamlayacaq - II hissə adlı məqalədə.  

Kumanovo

Avropa Gənclər Olimpiya Festivalının fəxri mükafatları uğrunda yarışan velosipedçilər Kumanovoda yarışacaqlar. Yarışların startı şəhərin mərkəzində - Nova Juqoslaviya meydanından başlayacaq. Marşrut şəhərin mərkəzindən keçib, Kumanovka çayından Pelince kəndinə doğru davam edəcək. Ümumilikdə velosipedçilər tamaşaçıların müşaiyəti ilə 60,8 kilometrlik məsafəni qət edəcəklər.


Kumanovo dağ velosipedi qurğusu

Kumanovo EYOF-2025-ə qədər UCI-nin (Dünya Velosipedçilər Birliyi) bayrağı altında keçirilən bir sıra yarışlara ev sahibliyi edib. Həmin məkanda Olimpiya kateqoriyalı dağ velosipedçiliyinin kross yarışı təşkil olunub. Şəhərin cənub kənarındakı müxtəlif relyefə məxsus ərazi indi EYOF-dakı dağ velosipedçilərinin sınaq meydanına çevriləcək.

 
“SRC Kale” arenası 

Skopyenin tarixi qalasının yanında yerləşən “SRC Kale” arena makedon dilində “qala qalası” mənasını verir. 2250 nəfərlik oturacaq tutumu ilə bu qapalı arena şəhərin ən məşhur idman məkanlarından biri sayılır. Onu yerlilər “Makedoniyanın həndbol qalası” - deyə  adlandırırlar. “SRC Kale” bu vaxta qədər müxtəlif beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Qeyd edək ki, bu komanda idman növündə Skopyeyə gələn avropalı gənclər “Makedoniyanın həndbol qalası”nda yarışacaqlar.

 
Jane Sandanski İdman Mərkəzi (Qızlar)

Bu İdman Mərkəzi basketbol və həndbol yarışlarında beynəlxalq standartlara cavab vermək üçün 2014-cü ildə yenidən qurulub.  Müasir, çoxfunksiyalı kompleksdə EYOF 2025-də qızların həndbol matçları təşkil olunacaq. Kiçik idman zalında 1000-ə qədər tamaşaçı festival həyəcanını yaşayacaqlar.


***

Avropa Gənclər Olimpiya Festivalının əsas idman qurğularından sayılan Jane Sandanski İdman Mərkəzinin qapalı arenasının əsas zalı cüdoçuların ixtiyarına veriləcək. Əsas zalı 6500 azarkeş tutumuna malik olan idman mərkəzi 10 il əvvəl yenidən qurulub. Bir sözlə, festival ərzində bütün diqqətlər bu idman obyektinə yönələcək.

Anar Əhmədov 

Ardı var...